Bazar, 17 Dekabr 2017 01:43

"Report": OPEC+ anlaşmasının dayandırılması qaçılmazdır

Yazan
Bu məqaləni qiymətləndir
(0 səs)

OPEC+ anlaşmasının dayandırılmaması 2018-ci ildə qlobal neft təklifinin tələbi üstələməsinə gətirib çıxara bilər. "Report"un analitik qrupu belə olduğu təqdirdə qlobal neft ehtiyatlarının yenidən artmağa başlayacağını, nəticədə qiymətlərin kəskin düşəcəyini proqnozlaşdırır. Bunun qarşısını almaq üçün OPEC+ anlaşmasının dayandırılması qaçılmaz olacaq.



Analitik qrup bildirir ki, dünən açıqlanan Beynəlxalq Energetika Agentliyinin (IEA) proqnozlarına görə, 2017-ci ildə neft tələbi 97,8 mln. barel/gün, 2018-ci ildə isə 99,1 mln. barel/gün təşkil edəcək.

Artıq bu ilin noyabrında qlobal neft təklifi aylıq müqayisədə 0,2 mln. barel/gün artaraq 97,8 mln. barelə yüksəlib və tələbə bərabər olub. Bu həmçinin, ilin ən yüksək göstəricisidir.

IEA 2018-ci ildə qeyri-OPEC ölkələrində neft hasilatının 1,6 mln. barel/gün artacağını ehtimal edir. Artımda ABŞ əsas paya (870 min barel/gün) sahib olacaq. Nəticədə, IEA 2018-ci ilin ilk yarısında neft təklifinin tələbi 200 min barel/gün üstələyəcəyini proqnozlaşdırır.

"Report"un analitik qrupu neft qiymətlərinin yaxın zamanda düşməməsi durumunda qlobal neft sektoruna investisiyaların artmağa davam edəcəyini, ABŞ başda olmaqla qeyri-OPEC ölkələrində neft hasilatının yüksələcəyini, nəticədə, qlobal neft ehtiyatlarının artaraq neft qiymətlərinin uzunmüddətli düşməsinə səbəb olacağını bildirir. Analitik qrup qeyd edir ki, neft bazarında balansı bərpa etmək üçün təcili surətdə qiymətlər 50-55 dollar/barel diapazonuna çəkilməlidir.

Oxu 151 dəfə