Bazar ertəsi, 27 İyul 2020 14:45

Koronavirus: İspaniyada istirahət etmiş britaniyalılar üçün karantin, Şimali Koreyada ilk yoluxma hadisəsi

Yazan
Bu məqaləni qiymətləndir
(0 səs)

Britaniya rəsmiləri İspaniyada koronavirus infeksiyasına yoluxanların sayının kəskin artmasından sonra oradan qayıdanlar üçün icbari iki həftəlik karantin tətbiq etmək qərarına gəlib. Bu arada Şimali Koreyada isə Covid-19-a ilk yoluxma hadisəsi qeydə alınıb.

Dünya üzrə bazar gününə olan məlumata görə koronavirusa yoluxanların sayı 16 milyondur, son üç gündə yoluxanların sayı hər 24 saat ərzində 280 min nəfərədək artıb.

Bu qlobal statistikada təxminən hər dörd hadisədən biri ABŞ-ın payına düşür.

Meksikada, Lacero Cardenas şəhərində yerləşən ArcelorMittal poladtökmə zavodunun 21 işçisi koronavirusdan ölüb. Bu ölüm hadisələri aprel ayından bəri baş verib, ümumilikdə zavodda 7 mindən çox insan çalışır.

Meksikada Covid-19 səbəbi ilə baş verən ölüm hallarının ən yüksək səviyyələrindən biri qeydə alınıb: Codvid-19 diaqnozu 385 mindən çox insanda təsdiqlənib, onlardan 43500 nəfər ölüb

Şimali Koreyada ilk hadisə

Şimali Koreya "ölkədə koronavirusa yoluxma şübhəsi ilə ilk hadisənin" qeydə alındığını bildirib. KCNA agentliyinin məlumatına görə, xəstəlik üç il əvvəl Cənubi Koreyaya qaçmış, lakin ötən həftə demarkasiya xəttini keçərək vətəninə qayıdan bir insanda aşkarlanıb.

Kim Jong-un
 
Şəklin alt yazısı,

Şimali Koreya lideri hökümətin təcili iclasını keçirib

Ölkə lideri Kim Jong-un bu münasibətlə hökümətin təcili iclasını keçirib və sərhəd Kaesong şəhərində karantin tədbirləri tətbiq edib.

Şimali Koreya bundan əvvəl ölkədə Covid-19 hadisələrinin olmadığını bildirmişdi, təhlilçilər bunun az ehtimallı olduğunu zənn edirlər.

KCNA agentliyinin bildirdiyinə görə, Kim Jong-un həmin adamın sərhədi icazəsiz necə keçə bildiyini araşdırmağı əmr edib və günahkarların ağır cəza alacağını bildirib.

Bu arada, Cənubi Koreya son günlərdə iki ölkə arasındakı sərhəddə heç bir qanunsuz sərhəd keçidi barədə məlumat verməyib.

Britaniya infeksiyanın xaricdən gətiriləcəyindən ehtiyat edir

Britaniya Xarici İşlər Nazirliyi, vətəndaşlara İspaniyaya getməkdən çəkinməyi tövsiyə etdi.

Yeni tədbirlər Britaniya turizm operatorları və hava yolları tərəfindən tənqid olunub. British Airways şirkəti məhdudiyyətlərin "minlərlə britaniyalıların tətil planlarını xaosa çevirəcəyini" söyləyib.

Bundan əvvəl İspaniya höküməti Covid-19 koronavirusunun yayılması ilə mübarizə üçün yeni tədbirlərin tətbiq olunduğunu elan etmişdi.

El Pais qəzetinin məlumatına görə, ölkənin 52 vilayətinin ən azı 30-da yoluxanların sayında artım müşahidə olunur.

Karantin məhdudiyyətlərinin qaldırılmasından bir ay sonra, xüsusən Barselona, ​​Zaragoza və Madriddə koronavirus xəstələrinin sayı kəskin artıb.

bbc/azərbaycan

Oxu 9 dəfə