Bazar, 30 İyun 2019 22:35

Lənkəranda körpələrə verilən ərzağın keyfiyyətinə baş qoşan tərbiyəçi işdən qovulub

Hər şey ondan başlayıb ki, keçən ilin noyabr ayına təsadüf edən günlərin bir günündə Lənkəran şəhər 5 saylı körpələr evi - uşaq bağçasının tərbiyəçisi Mirzəyeva Nuridə Arif qızı uşaqlara yedizdirilən xörəkdə bit aşkarlayıb. Neft və milyonlar səltənəti olan, dünyanın ən ləziz mətbəxinə malik Azərbaycanın gələcəyi olacaq körpə fidanlara bunu rəva görməyən Nuridə müəllimə iradını bildirmək üçün aşpazın yanına üz tutub. Aşpaz isə öz üstünə heç bir suç götürməyib: "Mənə nə verirlər, onu da bişirirəm".

Sonrakı günlərdə bu biabırçılığın təkrarlandığını görən müəllimə dözməyib, bu dəfə bağça müdirəsinin kabinetinə girib, hal-qəziyəni danışıb. Elə bilib ki, müdirə onun bu hərəkətini alqışlayacaq, vəziyyəti dərhal nəzarətə götürəcəyini, tezliklə hər şeyi qaydaya salacağını, xörəklərin hazırlandığı qidanın keyfiyyətini Nazirlər Kabinetinin müəyyən etdiyi normativlər səviyyəsinə qaldıracağını vəd edəcək. Üstəlik, bərk-bərk tapşıracaq ki, bu barədə bir də başqa yerdə danışmasın, necə deyərlər, "bir daş altda, bir daş üstdə".

Lakin gözlədiyinin əksinə olaraq, müdirə Aybəniz Hüseynova əsəbləşərək aqressiv surətdə onun üstünə çəmkirib, bu sayaq məsələlərə baş qoşduğuna görə danlayıb. Təbii ki, belə münasibət gözləməyən Nuridə xanım mübahisə etməyə başlayıb. Epilepsiya xəstəsi olan 65 yaşlı bağça müdirəsi isə yalan-gerçək özünü vurub nasazlığa, yalan-gerçək ürəyi də gedib, yalan-gerçək üstünə təcili tibbi yardım maşını da çağırılıb. Onsuz da yaxşı olmayan, əmək fəaliyyəti ilə məşğul olmasına əl verməyən səhhətinin qəfil pisləşməsini də yıxıb Nuridə müəllimənin üzərinə.

Nuridə müəlliməyə işdən çıxarılma xəbərini Aybəniz Hüseynova ilə mübahisəli söhbətindən 2 saat sonra məktəbə gələn Lənkəran İcra Hakimiyyətinin Günəş adlı xanım əməkdaşı bildirmişdir. Günəş xanım Nuridə müəlliməyə uşaqlara verilən xörəklərin keyfiyyəti məsələsinə qarışmaq hüququnun olmadığını xatırlatmışdır. Nəhayətdə o, - bağçanın ən intizamlı, davamiyyətli əməkdaşlarından biri intizamsızlıqda tənbeh edilərək, Əmək Məcəlləsinin xoşagəlməz maddəsi ilə dekabrın 5-də vəzifədən qovulub. Həm də tək o yox. Nuridə müəllimənin haqq işinin müdafiəsinə qalxan Almaz adlı xanım həmkarı da güdaza gedib, işdən kənarlaşdırılıb.

Hərçənd, kollektivin digər üzvlərinin gözü qorxub, yaxşı halda susmağa, pis halda müdirlə bir yerdə "qatıq qaradır" deməyə məcbur olublar. Bağçada işlədiyi 2014-cü ildən bu yana yaxşı tanıdıqları Nuridə müəlliməyə qarşı haqsızlığa etiraz edən valideynlər də müxtəlif təzyiqlərə məruz qalırlar. Onları etirazlarını bildirmək üçün üz tutduqları İcra Hakimiyyətinin inzibati binasına buraxmayıblar. Valideynlərin Nuridə müəlliməyə dəstək niyyətilə yuxarı instansiyalara göndərdikləri məktublara da həssas yanaşılmayıb.

Uşaqlara bit yedizdirilməsinə dözməyən, özünün qarşılaşdığı ədalətsizliyi həzm edə bilməyən Nuridə müəllimə Lənkəran İcra Hakimiyyəti başçısının müavini Rasilə xanımın qəbuluna düşüb. Bütün baş verənləri ona danışıb. İxtisasca ədəbiyyat müəllimi olan Rasilə xanım əvvəlcə onu ədəb-ərkanla qarşılayıb, lakin danışdıqlarını dinlədikcə onun da halı dəyişib, Aybənizə qahmar çıxıb. Nəyin müqabilində? - bilinmir!

Şikayətçi həmçinin bildirmişdir ki, bağçada hər uşağın qəbuluna görə valideyni bağça müdirəsinə 100 manat rüşvət verməlidir, daha sonra davamlı olaraq aylıq 20 manat haqq ödəməlidir.  

Nuridə müəlliməni təəccübləndirən məqamlardan biri də budur ki, Aybəniz və rəfiqəsi Rasilə kimi məmurlar dövlətin büdcəsindən uşaqlara verilən  ərzağı, müəllimə, tərbiyəçiyə verilən halal məvacibi sanki öz ciblərindən çıxırmış kimi təqdim edir, bundan ötrü "xüsusi minnətdarlıq" umurlar.

Artıq bu çəkişmə məhkəmə müstəvisinə də çıxıb. Həm birinci instansiya, həm də apellyasiya məhkəməsi nahaqqın nəfinə qərar çıxarıblar. Qabaqcadan mətni, məzmunu hazır edilərək masaya yatırılan qərarları üzünə oxuyan hakimlər böyük minnətlə Nuridə müəlliməyə "faydalı məsləhət" görüblər ki, o, yaxşı olar Ali Məhkəməyə müraciət etsin. Qəribədir ki, Nuridə müəllimənin yuxarı instansiyalara ünvanladığı şikayətnamələr araşdırılması üçün "aidiyyəti üzrə" məhz barəsində şikayət etdiyi şəxslərə (Lənkəran İcra Hakimiyyətinə) göndərilir. Bu isə "Vətəndaşların müraciətlərinə baxılması haqqında" Azərbaycan Respublikası Qanununa ziddir.

Nüşabə Əhməd /Pressinfo.az

Oxu 509 dəfə Son redaktə Bazar ertəsi, 01 İyul 2019 10:00