Cümə axşamı, 04 İyul 2019 17:13

Mərhum jurnalistin xatirəsinə həsr edilən kitab təqdimatı keçirilib Xüsusi

Jurnalist adını hər kəs daşıya bilmir. Zabil Müqabiloğlu milli mətbuatımızda öz sözünü, öz dəst-xəttini və jurnalistlik fəaliyyətini sözün əsl mənasında, tam olaraq deyə bilənlər siyahısında olub. Və düşünürəm ki, bundan sonra da yaddaşlarda belə qalacaq. Xatirəsi əbədi onu sevənlərin və ona rəğbət bəsləyənlərin qəlbində daim yaşayacaq.

Mərhum jurnalistimiz Zabil Müqabiloğlu ilə bir vaxtlar kolleqa kimi “525-ci qəzet”də çiyin-çiyinə çalışmışıq. Həyat dolu biri idi, şən və zarafatcıl, eyni zamanda da işini ciddiyə alacaq dərəcədə məsuliyyətli bir insan idi.

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində toplaşanlar mərhum yazar Zabil Müqabiloğlunun xatirəsinə həsr edilmiş “Son zəng” adlı kitabının təqdimatında ürək sözlərini, onunla bağlı xatirələrini böldülər. Hətta şeirlərini də səsləndirənlər oldu.

 Tanınmış jurnalist və publisist, Azərbaycan Mətbuat Şürasının sədri Əflatun Amaşov, yazıçı, jurnalist,  “525-ci qəzet”-in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Rəşad Məcid, jurnalist, teletənqidçi, filologiya elmləri doktoru Qulu Məhərrəmli, kitabın ideya müəllifi, mərhum jurnalistin bacısı Sevinc Əliyeva, tərtibçi Həbibə Abdulla, jurnalistlərdən Famil Cəfərli, Xalid Kazımlı, Jalə Mütəllimova, Azər Həsrət və başqaları tədbirdə iştirak edirdilər.

Jurnalist Zabil Müqabiloğlunun əziz xatirəsinə həsr edilmiş “Son zəng” adlı kitabda mərhumun şeirləri və hekayələri, həmkarlarının onun haqqında yazdıqları esselər toplanıb.

Bütün iştirakçılar Z.Müqabiloğlunun keçdiyi jurnalistlik fəaliyyətindən, onun yurd həsrətli və Vətən həsrətli olmasından, kövrək qəlbli, şair ruhlu olmasından söhbət açdılar. Qısametrajlı film izləndi – bu video yazıda Zabilin həyat yoluna qısa da olsa, nəzər sala bildik.

Tanınmış jurnalist Zabil Müqabiloğlunun ölməz xatirəsinə həsr edilən “Son zəng” adlı kitabı onu sevənlər üçün daim bir dua kimi oxunacaq...

 

Səadət Cabbarqızı //Pressinfo.az

 

 

Oxu 143 dəfə Son redaktə Cümə axşamı, 04 İyul 2019 17:26