Bazar ertəsi, 10 May 2021 19:35

DASTANA DÖNMÜŞLƏR Xüsusi

Vətən savaşında qəhrəmanlıq göstərməklə yanaşı, məlahətli səsi ilə döyüşçü yoldaşlarına dəstək olmuş, 23 yaşında şəhidlik zirvəsinə ucalmış gizir Xudayar Yusifzadənin ifasında ürək dağlayan o mahnını çox dinləmişdim. Amma şəhidin ailəsinin evində - Xudayar muzeyində, onun və bir neçə şəhidin yaxınlarının bir araya gəldiyi o günkü məclisdə eşitdiyim kimi mənə sirayət etməmişdi:

“Şair, sorma Vətən nədən yaxşıdır,

Adı gəlcək könlüm dastana döndü....”

Saytımızın oxucularına haqqında qələmə alınmış “Xeyirxahlığın Sevdalısı” oçerkindən adı yaxşı tanış olan, xeyriyyəçilik müstəvisində tərənnümə layiq işlər görən Sevda xanım (Əliyeva Sevda Gülməmməd qızı) son vaxtlar diqqətini əsasən şəhid ailələri və qazilərə yönəldib. Əqidədaşları ilə birlikdə cəmiyyətin qayğılı münasibətini köməyə ehtiyacı olanlara ötürmək müstəvisində böyük işlər görən Sevda xanım müqəddəs Ramazan ayının fəzilətli günlərində dəfələrlə əlillərə, qazilərə iftar süfrələri təşkil elətdirmiş, şəhid və qazi ailələrinə, eləcə də tənha ahıllara, çarəsiz durumda olan bir çox şəxsə sovqat paylamışdır. Jurnalist olaraq, həmin tədbirlərin bəzilərində şəxsən iştirak etmişəm, bəzilərini görməsəm də, Sevda xanımın özünün şəbəkədə paylaşımlarından məlumatlanmışam. Gülşən xanım adlı mənim şəxsən tanıdığım əlil qadına əlil arabası, geyim, yuyucu vasitələr, gigiyenik sprey və s. ləvazimatlar, şirniyyatlar çatdırdığımız gün onun ad gününə təsadüf etmişdi. Vaxt eləyib səbəbkara tort da hazırlatdıra bildik. Yolüsü hədiyyə qızılgüllər də  alındı. Amma, Gülşən xanımın yaşadığı sosial müəssisəyə bizi buraxmadılar. Müəssisə rəhbərliyi orada yaşayan ahılların koronavirusa həssas olduqlarını nəzərə alaraq yaxın təmasın məqsədəuyğun olmadığını bildirdi. Bu da başa düşülən idi. Hərçənd, dəmir torlu hasarın arxasından görüşümüz baş tutdu, Gülşən xanımla danışa bildik. Bu könül ziyarəti qəlbimizi riqqətə gətirdi.

Elə may ayının 9- da şəhid Xudayar Yusifzadənin qəbrini və ailəsinin yaşadığı evi ziyarət etmək də məhz Sevda xanımın təşkilatçılığı ilə bizə nəsib oldu...