Cümə axşamı, 29 Dekabr 2022 15:14

“Nəşəmi oğurlamısan!” – İsmayıllıda narko-fermerin təhdid etdiyi şəxs intihar edib * Xüsusi

“Nəşəmi oğurlamısan!” – İsmayıllıda narko-fermerin təhdid etdiyi şəxs intihar edib
*
Biz azərbaycanlıların bir yaxşı xüsusiyyətimiz var ki, daha doğrusu, çoxsaylı yaxşı xüsusiyyətlərimizdən biri də budur ki, optimist millətik. Xoş günümüzdə deyirik: “pis günümüz elə belə olsun”. Pis gündə də deyirik: “Allah daha bedtərindən qorusun”. Yaxınını itirənə başsağlığı verəndə deyirik: “axır qəminiz olsun”.
Olsun, həmin şəxsə bir anlıq, bir günlük təsəlli veririk. Əgər bəla necə deyərlər, elnən gələn bəladırsa, dərdə düşən adam tez ovunur, yəni, vəziyyətlə tez barışır. Amma bir də var, adama faciəni hansısa təbii fəlakət, sağalmaz xəstəlik, bədbəxt hadisə deyil, konkret günah sahibləri, cinayətkarlar yaşadıb. Bax onda dərd yiyəsinə təsəlli vermək, başsağlığı vermək azlıq edir, o, cəmiyyətdən daha çoxunu umur. Özü də haqlı olaraq istəyir ki, halına acıyan insanlar cinayətkarın məsuliyyətə cəlb olunmasına da köməklik etsinlər, caninin tapılması və cəzalandırılması ilə məşğul olan hüquq-mühafizə və cinayət təqibi orqanlarına ictimai qınaq yolu ilə təzyiq göstərsinlər, əzizinin qanı yerdə qalmasın. Bu yerdə məşhur bir misra yadıma düşür: “”Can, ay qardaş” söyləməyə nə var ki?! Bax, o canın özü olmaq gərəkdi”.
“Pressinfo.az” saytının redaksiyasına ərizə ilə müraciət edən İsmayıllı rayonunun Basqal qəsəbəsi sakini Mirzəyeva Mehbarə Söbət qızı hazırda İnsanlığın tanıdığı dərdlərin ən böyüyünü yaşayan anadır. 38 yaşlı oğlu Mirzəyev Elvin Mehrab oğlunun tanıdıqları şəxs tərəfindən hədə-qorxu yolu ilə intihar həddinə çatdırıldığını və intihar etdiyini bildirmiş, məsələ ilə bağlı istintaqın gedişindən narazı qaldığını və bu işin KİV-də ictimailəşdirilməsini xahiş etmişdir.
Ərizədən oxuyuruq:
“Məlum edirəm ki, 24 noyabr 2022-ci il tarixdə gündüz saat 12:00 – 12:15 radələrində həyat yoldaşımın telefonuna oğlumun telefonundan zəng gəlmiş, lakin zəng edən şəxs oğlum deyil, qonşumuz Əhmədov Elnur Rəfail oğlu olmuşdur. Oğluma məxsus telefon cihazını guya öz həyətindəki ağacların dibindən tapdığını deyən Elnur hədə-qorxu tonu ilə bildirmişdir ki, guya oğlum Mirzəyev Elvin Mehrab oğlu onun həyətindən dəyəri 5000 (beş min) manat olan nəşə oğurlayıb, aparıb satıb. Əgər gətirib o pulu çatdırmasa, oğlumu tapıb “deşik-deşik edəcək”. Bundan yarım saat sonra ev telefonumuza zəng gəldi, dəstəyi mən qaldırdım. Həmin şəxs yenə oğlumun yerini soruşdu, əsəbi danışdı. Bu vaxt evə daxil olan oğlum zəng edən adamın kim olduğunu, nə istədiyini soruşdu. Mən telefonu Elvinə verdim və onlar danışdılar. Bundan sonra oğlum nahar edib evdən getdi, daha iki saat sonra isə onun intihar etdiyi aşkarlandı.
O vaxtdan oğlumun ölüm işinin istintaqının nə yerdə olduğunu bilmirik. Bizə müfəssəl məlumat verən yoxdur. Narahatam ki, uşağımın qanı yerdə qalacaq. Çox üzücüdür ki, həyətində külli miqdarda narkotik bitki əkib-becərən, dəfələrlə bu cinayət məşğuliyyəti üstündə məsuliyyətə cəlb olunan, amma hər dəfə tutulandan qısa müddət sonra sərbəst buraxılan, narkotikdən ötrü kimisə açıqca ölümlə hədələməkdən çəkinməyən, oğlumu intihar həddinə çatdıran bir şəxs azadlıqda gəzir, mənim oğlum isə nahaqdan ölüb gedir.
Oğlumun 38 yaşı vardı, azyaşlı qız uşağı var. Xasiyyəti yaxşı idi, qəsəbəmizin sakinləri, Elvini tanıyanlar bunu təsdiqləyə billərlər. Çox möhkəm, həyatsevər biri idi oğlum. Kiminsə intihar etməsi barədə xəbər yayılanda təəccüblənirdi ki, necə olur, adam Allahın verdiyi canına qıyır. Elnur Elvinin narkotikə qurşanması üçün dəfələrlə cəhd göstərib, amma Elvin buna getmirdi, onunla əlaqəni kəsməyə çalışırdı.
Odur ki, Sizdən bu məsələnin kütləvi informasiya vasitəsində ictimailəşdirməyinizi, aidiyyəti qurumlara çatdırmağınızı xahiş edirəm”.
Redaksiya olaraq öz növbəmizdə yuxarı instansiyalara məktubla müraciət etmişik. Ümid edirik ki, hüquq - mühafizə və cinayət təqibi orqanları Mirzəyev Elvin Mehrab oğlunun ölüm işi ilə bağlı istintaqın obyektiv aparılması və əsl həqiqətin üzə çıxarılması üçün səylə çalışacaqlar. Çünki mərhumun ailə üzvlərinin şübhələndikləri şəxs həm də cəmiyyətə təhlükə vəd edir, mənfi xarakterizə olunur, həyətində əkib-becərdiyi narkotik bitkini sanki halal, mülki dövriyyəsinə qanunla icazə verilən mal kimi qorumaqla qayğılanır.

Nüşabə Əhmədova

Oxu 88 dəfə