Bazar ertəsi, 27 May 2019 09:27

İDMANÇIMIZ UKRAYNADA QAZANDIĞI UĞURU GÜRCÜSTANDA VƏ ÇİNDƏ TƏKRARLAMAĞA HAZIRLAŞIR Xüsusi

Azərbaycan idmançıları dünya və qitə miqyaslı yarışlarda uğurlu çıxışlarını davam etdirirlər. Belə nailiyyətlərdən biri may ayının əvvəlində Ukraynanın Xarkov şəhərində Dünya döyüş növləri üzrə keçirilən dünya çempionatında olub. Yarışda ölkəmizi Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, Beynəlxalq Kempo Karate və Kobudo Federasiyasının vitse-prezidenti, Azərbaycan Qocyu-Ryu Okinava Karate-Do və Kobudo-Kempo Növləri İdman Federasiyasının prezidenti, IX dan qara kəmər sahibi Tarverdi Allahverdiyevin rəhbərliyi altında federasiyanın 36 idmançıdan ibarət yığma komandası təmsil edib.

17 ölkədən idmançıların mübarizə apardığı turnirdə komandamız növbəti dəfə onlara göstərilən etimadı doğruldaraq, çempionatı ilk pillədə başa vurub. Ukrayna 2-ci, Qazaxıstan isə 3-cü yeri tutub. Turnirdə ölkəmizin hesabına Kazımov Ramin, Hüseynov Pərviz, Əhmədov Yusif, Məstiyev Samir, Mahmudov Elçin, Səfərov Söhrab, Allahverdiyev Məhəmməd, Əli və Cavid Abdullazadələr, Dadaşov Saməddin, Davudzadə Həsən, Quliyev Tuncay, Məmmədli Kənan, Məmmədli Abdulsəid, Nurizadə Emin, Quliyev Sübhan, Həşimzadə Dilavər, qızlardan Tahirova Fatimə, Salmanlı Zəhra qızıl medal, Orucov Məhəmməd, Quliyev Tural, Tahirov Fateh və adlarını sadalaya bilmədiyimiz idmançılarımız gümüş və bürünc medallar gətiriblər.  Bir nəfər idmançımız – Məmmədov Azad isə Dünya Kəmərinin sahibi olub. Umumilikdə idmançılarımız Vətənə 19 qızıl, 9 gümüş, 6 bürünc medalla dönüblər.

Qalib idmançılarımızdan biri - "Pressinfo.az" saytının ənənəvi dostu, hər dəfə uğura imza atdığında şad xəbərini oxucularımızla bölüşdüyümüz Ramin Kazımov barəsində saytımızda təqdim olunan "GƏNCLİKDƏ QAZANILAN QALİBİYYƏTLƏR ÖMRÜN BAHARINI UZADIR" sərlövhəli məqalə idmana dəyər verən oxucularımız tərəfindən çox maraqla qarşılanmışdı.

Kazımov Ramin Əli oğlu Bakılıdır, 1983-cü il təvəllüdlüdür. Sabunçu rayonundakı 155 saylı orta məktəbdə təhsil alıb. 13 yaşı olanda cüdo ilə mütəmadi məşğul olmağa başlayıb. Paytaxtın Nərimanov rayonunda yerləşən Təhsil və İdman Kompleksində məşğul olduğu ilk vaxtlar məşqçisi Bəxtiyar müəllimin rəhbərliyi altında,  sonra Avropa gümüş mükafatçısı Elşən İbişovla məşq edib. İlk böyük uğuruna 1999-cu ildə imza atıb. Məşğul olduğu idman mərkəzində keçirilən respublika səviyyəli yarışda 3-cü yerə çıxıb, diplom və medala layiq görülüb. O vaxtdan uğurlarını sıralamağa başlayıb. Gürcüstanın Qori şəhərində 2003-2004-cü illərdə keçirilən beynəlxalq turnirdə Ramin Kazımov bürünc medala layiq görülüb. Sonrakı illərdə müvəffəqiyyətlərinin ardı gəlib. 1-ci dan qara kəmər sahibi, bir neçə beynəlxalq yarışın qalibi kimi tanınan Ramin Kazımov ali təhsillidir. Daxili İşlər Nazirliyinin "Dinamo" İdman Cəmiyyətində təlimatçı vəzifəsində çalışır.

Qeyd etdiyimiz kimi, Ramin Kazımov Xarkovda keçirilən çempionatda 90 kq çəki dərəcəsində rəqiblərini üstələyərək qızıl medala layiq görülmüşdür. Ramini Ukraynadan uğur qazanaraq qayıtması münasibətilə təbrik etdiyimiz vaxt o da öz növbəsində təbrikə görə bizə təşəkkürünü bildirdi və saytımızın tribunasından ona bu yarışda qalibiyyət qazanmaqda mənəvi dəstək olmuş şəxslərə minnətdarlığını bildirdi: "Mənə yarış öncəsi məşqçilik etmiş Xanəliyev Vaqif müəllimə dərin təşəkkürümü bildirirəm. Amma əlbəttə ki, mən və komanda yoldaşlarım daha çox Federasiyamızın prezidenti Tarverdi Allahverdiyevə minnətdarıq. O, həqiqətən də bizə bir böyük qardaş kimi, sanki ailə üzvümüz kimi mənəvi dəstək göstərmiş, həmişə yanımızda olmuşdur. Onun qayğıkeşliyi, gücümüzə inanması bizi ruhlandırmış, qələbəmizin əsas rəhni olmuşdur.   

İdmançı vurguladı ki, onlar, əlbəttə ki, bu zirvələri təkbaşına fəth edə bilməzlər.Bu yolda əziyyəti olan hər bir kəs böyük hörmət və minnətdarlıga layiqdir. O, öz maddi və mənəvi dəstəyini ondan heç vaxt  əsirgəməyən gözəl insan - VİP Aviasiya şirkətinin baş direktoru İlham Şükürova da xüsusi minnətdarlıgını bildirdi.

Ramin hazırda Gürcüstanda keçiriləcək Avropa, Çində keçiriləcək Dünya çempionatlarınaına gərgin hazırlaşır. Yarışlardan qalibiyyətlə geri dönməyi qarşısına məqsəd qoyub. Gəlin, ona uğur arzulayaq.

Nüşabə Əhməd

 

Oxu 297 dəfə Son redaktə Bazar ertəsi, 15 İyul 2019 13:25