Bazar ertəsi, 27 May 2019 09:39

İDMAN MƏNİM HƏYATIMDIR Xüsusi

 Azərbaycanda yürüdülən gənclər siyasəti gənclərin, ələlxüsus da istedadlı gənclərin özlərini daha yaxşı ifadə etmək və karyera qurmaları üçün imkanlar təklif edir. Lakin bu imkanlardan bəhrələnmələri üçün gənclərin özlərində də necə deyərlər, təpər lazımdır. Təkcə gənclik enerjisi, istedad yetərli deyildir, səylə çalışmaq, axtarışa meyllilik, bacardıqlarını ortaya qoymaq məharəti, hüquq düşüncəsi, ünsiyyət qabiliyyəti, çətinliklərlə, bürokratik əngəllərlə rastlaşanda ruhdan düşməmək, inadla məqsədə doğru irəliləmək də böyük önəm daşıyır. Bu yetənəklərə malik olan gəncləri seçdirən əlamətlərdən biri və bəlkə də birincisi, onların daha çox böyüklərlə oturub-durmasının müşahidə edilməsidir. Haqqında söz açdığım Şəmsi Hüseynov kimi.

Hüseynov Şəmsi Əmir oğlu 1993-cü ildə Ağcabədi rayonunun Qaradolaq kəndində anadan olub. Həmin kənddəki orta məktəbi  əla və yaxşı qiymətlərlə bitirib. Kimya və coğrafiya fənlərini xüsusilə sevib. Rayon üzrə olimpiadada coğrafiya fənni üzrə oxuduğu məktəbi layiqincə təmsil edib.

Çox maraqlı arzusu vardı Şəmsinin kiçik olanda. Aktyor olmaq istəyirdi. Hətta lap son illərə qədər onun bu arzusu dəyişməz olaraq qalmışdı. Paralel olaraq idmanla da məşğul olurdu. Karateyə xüsusi marağı vardı. Döyüş filmlərinə baxdıqca ürəyində bu tip filmlərdə idmançı-aktyor kimi çəkilmək arzusu baş qaldırmışdı.

Amma valideynləri Şəmsinin bəlkə də onu zədələnmədən qorumaq üçün idmanla məşğul olmasını istəmirdilər. Odur ki, onu idmandan uzaqlaşdırdılar və Şövkət Ələkbərova adına 20 saylı musiqi məktəbinə gətirirlər. Tar sinfində təhsil alan Şəmsi musiqi məktəbini nümunəvi göstəricilərlə başa vurur. Onun Bədəl müəllimi bu musiqi alətinin bütün incəliklərini Şəmsiyə aşılaya bilmişdi.  

Şəmsinin estetik zövqünün formalaşmasında əhəmiyyətli rol oynayan musiqi məktəbini bitirəndən sonra Şəmsi təzədən idmana qayıtmağa qərar verir. Həmin vaxt o, orta məktəbuin IX sinfində təhsil alırdı. Yeniyetmə Bakının Nərimanov rayonunda yerləşən "Qələbə" idman klubunda Şərq əlbəyaxa döyüş növləri olan uşu-sanda, kunqfu-sanda, kiqboksinq, və kempo ilə səylə məşğul olur. Az keçmiş yaxşı göstəricilər əldə etməyə başlayır. Onun ilk böyük uğuru İtaliyanın Karara şəhərində keçirilən Döyüş Növlərinin Dünya Çempionatında baş tutur. Burada Şəmsi kunqfu-sanda üzrə dünya ikincisi olur və gümüş medala layiq görülür. Bu uğuru qazana bilməsində müəllimi - dəfələrlə Dünya və Avropa çempionu, Prezident mükafatçısı, Kunqfu - Sanda Federasiyasının baş məşqçisi Ramil Allahverdiyevin böyük əməyi olduğunu deyir.

Az sonra gənc idmançı uşu-sanda ilə ciddi məşqlərə başlayır. Uşu-Sanda Federasiyasının və bu əlbəyaxa döyüş növü üzrə Milli Yığmanın məşqçisi, iki dəfə Prezident mükafatçısı, əməkdar məşqçi Elşad İbrahimovun rəhbərliyi ilə bir sıra respublika turnirlərində iştirak edərək yaxşı nəticələr əldə edir. 2016-cı ildə İtaliyada keçirilən Döyüş Növlərinin Dünya Çempionatında iştirak edərək dünya çempionu olur, qızıl medala layiq görülür.

2017-ci ildə Şəmsi uğurlarını kempo idman növündə də təkrarlamağa qərar verir və gərgin məşqlərə qatılır.  Bu da təsadüfi deyildi. Çünki kempo onu özünə daha çox cəlb edirdi. Elə həmin il Rumıniyanın Buxarest şəhərində keçirilən Avropa Çempionatında iştirak edir və  III yerin qalibi olaraq bürünc medala yiyələnir.

2018-ci il Şəmsinin idman həyatında xüsusi önəm daşıyır. Dünya çempionatına lisenziya xarakterli respublika birinciliyi keçirilir. Şəmsi həmin turnirdə kempo üzrə 1-ci yerə çıxaraq respublia çempionu olur və dünya çempionatına vəsiqə qazanır. Şəmsi həmçinin kempo üzrə milli yığma komandanın kapitanı seçilir. Eyni zamanda Macarıstanda keçirilən Dünya çempionatında kapitan və bayraqdar kimi çıxış edir. Budapeşt şəhərində baş tutan bu çempionatda o, ikinci yeri tutaraq gümüş medal qazanır.

2019-cu il Şəmsi üçün uğurla başlayır. Fevral ayında idman ustası fəxri adına layiq görülüb. Gənc idmançı hazırda qarşıda onu gözləyən Portuqaliyada keçiriləcək Avropa çempionatında iştitak etmək üçün əzmlə məşqlər edir.

Şəmsi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 1-ci kursunda təhsil alır. Akademiyadan söz düşdükdə o, rektor Fuad Hacıyevin idmançı tələbələrə göstərdikləri dəstəyi qeyd edərək əlinə düşən hər fürsətdə onlara minnətdarlığını bildirir.

2017 -ci ildən Kempo Federasiyasının vitse - prezidenti Rauf İbrahimli ilə mütəmadi olaraq yarışlara çıxıb. Həmin vaxtdan etibarən gənc idmançının zəfərləri daha da artmaga başlayıb. Rauf müəllim hər bir gənc idmançıya yanaşdıgı kimi, ona da mənəvi dəstək olub, bacardıgı qədər qaygı və diqqətini əsirgəməyib. Bu hal - hazırda da davam edir. Şəmsi Hüseynov bu səmimiyyətə, qaygı və diqqətə görə Rauf müəllimə öz dərin minnətdarlıgını, xüsusi təşəkkürlərini bildirir.

Hazırda Şəmsi, Ağcabədi rayonunun "Qarabağ" idman klubunun üzvüdür və kişilərdən ibarət idman heyətinin kapitanıdır.  "Qarabağ" idman klubuna öz qayğı və diqqətini əsirgəməyən iş adamı Rəhimov Əli İsa oğlundan , klubun rəhbəri və baş məşqçisi Ceyhun Niyazovdan xüsusi minnətdarlıq hissi ilə söz açdı. Qeyd etdi ki, Ceyhun Niyazov gənc olmasına baxmayaraq, xüsusi nüfuza malik olan bir idmançıdır, kifayət qədər də idmançı yetişdirmişdir.

Şəmsi təkcə zəfərlərinin sırasını artıran idmançı deyil, həm də ailə üzvlərinin qayğıları ilə məşğul olan ləyaqətli oğul, cəfakeş qardaşdır. Şəmsinin qardaşı Hüseynov Tural Əmir oğlu 1995-ci ildə Ağcabədi rayonunda anadan olub. Hələ körpə ikən sağlamlığında problemin olduğu meydana çıxıb. 2-ci qrup əlildir. "İstedadlı Əlillər" Cəmiyyətinin üzvüdür. Kompyuter üzrə istedadı, bacarığı var. Cəmiyyətin xətti ilə tədbirlərə, yarışlara qatılır. Neçə-neçə sertifikat və diplomlarla təltif edilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım  Əliyevanın dəstəyi iə Türkiyə və Gürcüstanda müalicə olunub. Şəmsi deyir: "Dövlətin bizim ailəyə hər zaman qayğı və diqqətini hiss etmişik. Əlillərin işlə təmin olunması yönümündə cənab Prezident İlham Əliyevin göstərişləri çox əhəmiyyətli bir layihədir. Hazırda mənim qardaşımın da işlə təmin olunması istiqamətində Binəqədi Rayon İcra Halkimiyyəti iş görür. Qardaşım 2015-ci ildən "Müstəqil Həyat və İnkişaf" Cəmiyyətinin üzvüdür. Britaniya konsulluğu tərəfindən fiziki məhdudiyyətli gənclərin məşğuliyyəti proqramı tərəfindən seçilib. BP şirkətinin yardımı ilə 9 aya yaxın müddətdə təlimlərdə iştirak edib. Kursdlarda ofis və fotoşop proqramlarını, aktyorluq sənətini də öyrənib. Onun öyrəndikləri istedadına daha da təkan olub. Belə ki, V Beynəlxalq Teatr Konfransında da aktyor kimi uğurla çıxış edib".

Şəmsi minnətdar olmağı bacaran gəncdir. Uğura imza atdığı bu yolda ona azca dəstək olan hər bir kəsə təşəkkür etmək istəyini sevinclə, sadəliklə qeyd edir. Şəmsi rayonda istedadlı gənclərə dəstək verdiyinə görə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədova, "Qarabağ" idman klubunun vitse-prezidenti, "A-Stroy" tikinti şirkətinin rəhbəri Rəhimov Əli İsa oğluna xüsusi minnətdarlığını bildirir. Qeyd edir ki, bu şəxslər öz dəstəyi ilə hər zaman idmançıların yanındadırlar. Heç zaman və maddi, nə də mənəvi dəstəyi əsirgəmirlər, onların qayğısına qalırlar.

Şəmsi xeyirxahlıq gördüyü şəxslər arasında Rusiyada yaşayan bir qohumunun da adını çəkd: "Bizim bir Nasir əmimiz var. Ağsaqqalımızdır. O, hər zaman mənə və digər qohumlarımıza dəstək olur. Bunu unutsam, deməsəm, özümü bağışlamaram. Mən qohumçuluğun ən yaxşı nümunəsi kimi göstərərdim Nasir əmini. Şübhəsiz, insana enişli-yoxuşlu yollarında irəliləməsi, büdrəməməsi üçün qolundan yapışan ən böyük dəstək ailədən olmalıdır. Əgər ailə öz üzvünə dəstək göstərməsə, həmin adama kənardan nə qədər dəstək gəlsə də,  faydası, davamı olmaz. Bu, bir növ susuz quyuya su tökmək kimidir. Bu baxımdan ən böyük dəstəkçim olan atama minnətdaram. Uğurumda da, müvəffəqiyyətsizliyimdə də hər zaman yanımda olub, əldə etdiyim nəticədən asılı olmayaraq. O, mənə güc verib, ruhdan düşməyə qoymayıb. Uğur qazanmağımın ən başlıca səbəbkarları olan valideynlərimə minnətdaram".

Şəmsi gələcək planlarından da danışdı. İki böyük arzusunun olduğunu dilə gətirdi - Cənab Prezidentlə görüşmək və daxili işlər orqanlarında çalışmaq. Bu arzularının həradan qaynaqlandığını soruşmağa ehtiyac duymadıq. Cənclərimizin böyük qayğıkeşi, möhtərəm Prezidentimiz Azərbaycan Respublikasında mənəvi və fiziki inkişaf etmiş nəsilin tərbiyəsinə ümumdövlət miqyaslı məsələ kimi yanaşır. Bu nəcib məqsəd yolunda aparılan işin ardıcıl və qətiyyətli davamı dövlətin bugünkü siyasətinin diqqəti mərkəzindədir.  Cənab İlham Əliyevin gənclər siyasətinin ən vacib elementlərindən biri idman hərəkatının təşkili, davranış profilaktikası, gənclərin beynəlxalq, regional və yerli səviyyədə müxtəlif sosial əhəmiyyətli layihələrə  cəlb edilməsidir ki, bu müstəvidə bütün dünya gəncliyinə nümunə göstərilə biləcək əhəmiyyətli addımlar atılmışdır. Şəmsi kimi tərəqqipərvər gənclər belə həssas münasibətinə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə etmək üçün fürsət aramağı özlərinə borc bilirlər. Şəmsinin polisin sıralarında xidmət etmək istəyi də başa düşüləndir. O, dövlətimizi sevir, dövlətçiliyimizin möhkəmlənməsinə töhfə vermək, öz fiziki və intellektual bacarığını insanların təhlükəsizliyinin təmini işinə sərf etmək, qanunçuluğun qorunmasına yönəltmək istəyir.

"Şəms" sözünün mənası Günəş deməkdir. İnanırıq və istəyirik ki, Azərbaycan idmanının parlayan Günəşi olan Şəmsi öz arzularına qovuşsun, biz qələm adamlarına da yazmaq üçün yeni, ürəkaçan mövzular versin.

Nüşabə Əhməd

 

 

 

 

Oxu 302 dəfə Son redaktə Şənbə, 13 İyul 2019 23:58