
İQTİSADİYYAT (31)
BAKIDA MAAŞLAR ARTIB
Bakı şəhəri üzrə bu ilin yanvar-fevral aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqısı açıqlanıb.
Bu barədə Bakı Şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, hesabat dövründə Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 8,8 faiz artaraq 979 manat təşkil edib.
“Azəriqaz”dan Sumqayıtdakı güclü yanğınla bağlı AÇIQLAMA
“Ötən gün “Azərsun Sənaye Parkı”nda baş verən yanğında kommunal xidmətlərə dəymiş zərərlə bağlı araşdırma aparılacaq”.
Pressinfo.az Oxu.Az-a istinadan xəbər verir ki, bunu “Azəriqaz”ın Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov “Açıq qapı” aksiyası çərçivəsində jurnalistlərə bildirib.
O bildirib ki, məsələ bu istiqamətdə aparılacaq tədqiqat işlərinin nəticələrinə görə müəyyən ediləcək.
Şöbə rəisinin sözlərinə görə, “Azərsun Sənaye Parkı”nda yanğınsöndürmə əməliyyatı demək olar ki, tamamlanıb:
“Yanğın yeni söndürülüb, hələlik bu barədə məlumat vermək tezdir. Tədqiqat işləri aparılacaq və kommunal xidmətlərə dəymiş ziyan bu tədqiqatın nəticəsində bəlli olacaq”.
Könül Cəfərli
Pensiyalarla bağlı yeni QƏRAR: 20 min vətəndaş yararlanacaq
Milli Məclisin iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Oxu.Az-ın məlumatına əsasən, parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev layihə haqqında danışıb.
O bildirib ki, qanuna dəyişikliklər qəbul olunduqdan sonra ondan 17-20 min vətəndaş faydalanacaq və bunun üçün 4,2 milyon manat əlavə maliyyə vəsaiti tələb ediləcək.
“Təklif olunan dəyişikliklərdə kişilərin və qadınların pensiyaya çıxma yaşının unifikasiyası, çoxuşaqlı ailələrə güzəştlərin artırılması, eyni zamanda pensiyaya çıxma şərtlərinin sadələşdirlməsi kimi məsələlər yer alır”, - deyə deputat əlavə edib.
Kənd turizmində yeni sahibkarlıq subyektlərinin təsisinin vətəndaşlara hansı xeyiri olacaq? - AÇIQLAMA
“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi üzrə turizm potensialı yüksək olan Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qax, Lənkəran, Astara və Lerik rayonlarında 2022-ci ildə kənd turizmi sahəsində yeni sahibkarlıq subyektləri təsis olunacaq.
Məsələ ilə bağlı açıqlama verən iqtisadçı ekspert Eyyub Kərimli bildirib ki, ölkəmizdə turizm sahəsi inkişaf etməkdədir.
"Dünya turizm təcrübəsində hətta qonşu Gürcüstan təcrübəsini tətbiq etmək çox əhəmiyyətli olardı. Bu müəssisələrin təsis edilməsi ev və fermer təsərrüfatlarının inkişafına müsbət təsir edəcək. Bu, bölgələrə həm yerli, həm də xarici turistlərin marağını və axınını artıracaq. Digər tərəfdən bu yerli kənd təsərrüfatı məhsullarının tanıdılması baxımından da çox önəmlidir. Bu cür müəssisələr fermerlərin və ailə təsərrüfatlarının inkişafına əhəmiyyətli təsir göstərəcək. Həmçinin ölkəmizin turizm potensialının artmasına faydalı olacaq." - deyə, ekspert bildirib.
Qeyd edək ki, “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi kənd turizminin inkişafı, yeni sahibkarlıq subyektlərinin yaradılması, əhalinin özünüməşğulluğunun təmin edilməsi və yerli icmaların rifahının yaxşılaşdırılması məqsədilə həyata keçirilir. Layihə KOBİA-nın və Dövlət Məşğulluq Agentliyinin dəstəyi, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə ilk dəfə İsmayıllı rayonunun Buynuz, Xanagah, Topçu, Təzəkənd, Sumağanlı kəndlərində və Lahıc qəsəbəsində həyata keçirilib. İsmayıllıda 15 kənd qonaq evi yaradılıb, 300 nəfərə yaxın kənd sakini sahibkarlıq və özünüməşğulluq imkanları barədə məlumatlandırılıb. Bununla da 15 ailədən olan 40 nəfərə yaxın qadının və gəncin məşğulluğu təmin edilib.
Dövlət Xidməti un və çörək istehsalçılarına xəbərdarlıq edib
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti taxıl idxalçıları, həmçinin un və çörək istehsalçıları ilə görüşlər təşkil edilərək vəziyyətdən sui-istifadə hallarının qətiyyən yolverilməzliyi barədə xəbərdarlıq edib.
Bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib.
"Məlum olduğu kimi, cari ildən daxili bazarda sahibkarlıq subyektləri tərəfindən idxal ərzaqlıq taxıldan istehsal olunan unun qiyməti dünya bazarında olan ərzaqlıq buğdanın mövcud qiymətinə uyğunlaşdırılıb. Nəticədə un və ənənəvi (dairəvi) çörəyin qiymətlərində dəyişikliyin baş verməsi müşahidə olunur.
Bununla əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti nəzarət tədbirlərini daha da gücləndirib. Bu istiqamətdə Dövlət Xidməti tərəfindən preventiv tədbirlər çərçivəsində taxıl idxalçıları, həmçinin un və çörək istehsalçıları ilə görüşlər təşkil edilərək vəziyyətdən sui-istifadə hallarının qətiyyən yolverilməzliyi barədə xəbərdarlıq edilib.
Qeyd edək ki, un və ənənəvi (dairəvi) çörəyin qiymətində və çəkisində əsassız dəyişikliyin qarşısının alınması və keyfiyyət parametrlərinə nəzarətin həyata keçirilməsi məqsədilə istehlak bazarında mütəmadi monitorinqlər aparılır, antiinhisar qanunvericiliyinə riayət olunmasına dair zəruri tədbirlər görülür. Monitorinqlər zamanı qanunvericiliyinin pozulması əlamətləri aşkar olduğu təqdirdə Dövlət Xidməti tərəfindən ciddi tədbirlər görüləcəkdir", - deyə məlumatda bildirilir.
Avropada və dünyada inflyasiya ən yüksək həddə çatıb - Gələn il üçün proqnozlar nədir?
Bu gün pandemiya səbəbindən Avropada və dünyada ciddi qiymət artımları müşahidə olunur.
Almaniyada keçən ilin noyabr ayı ilə müqayisədə inflyasiya səviyyəsi 2021-ci ilin noyabrında +5,2 faiz təşkil edib. Cari ilin oktyabr ayında bu nisbət + 4,5 faiz idi. Bu o deməkdir ki, inflyasiyanın səviyyəsi ardıcıl altıncı dəfə artıb və noyabr ayında il ərzində indiyə qədərki ən yüksək səviyyəyə çatıb. Axırıncı dəfə yüksək inflyasiya təxminən 30 il əvvəl olub. 1992-ci ilin iyun ayında inflyasiya səviyyəsi + 5,8 faiz təşkil edib.
Belçikada isə bu ilin noyabr ayında istehlak məhsullarında inflyasiya 4,16 faiz artaraq 5,64 faiz təşkil edib. Bu artım sonuncu dəfə 2008-ci ilin iyul ayında baş vermişdi.
Noyabrda bir sıra qeyd edilən məhsullar üzrə göstəricilər bu cür müəyyən olunub. Tibb sahəsində 3,48 faizdən 4,81 faizə yüksəlib, yanacaq 46,4 faiz olub. Oktyabr ayı ilə müqayisədə inflyasiya dərəcəsi 1,95 faizdən noyabr ayında 2,14 faizə yüksəlib.
İqtisadçı-ekspert Rəşad Həsənov qeyd edib ki, bu gün qlobal bazarda qiymət artımlarını tətikləyən bir neçə əsas faktor var və bunların kökündə təbii ki, faktiki olaraq pandemiya və pandemiya səbəbindən iqtisadi fasilələrin yaranması, bazada olan məhsulların azalması, eyni zamanda istehsal prosesinin özündə müşahidə edilən ləngimələrdir.
“Bunların fonunda bazarda təklif edilən məhsulların həcmi azalıb, bu isə qiymət artımını şərtləndirir. Eyni proses xammalda da müşahidə olunduğu üçün istehsal qiymətləri indeksidə daha kəskin formada artmaqdadır. Hazırda transport xərcləri pandemiya səbəbindən pozulub. Regional xırda ticarət əlaqələri pandemiya səbəbindən tamamilə dayandırılıb. Bu özü də bazarda müəyyən mənada qiymət artımını şərtləndirən faktorlardan biridir. Bu gün enerji qiymətləri artır və enerji qiymətlərinin artması xərc baxımından bütün mal və xidmətlərdə öz əksini tapır. Bu da dolayısıyla inflyasiyanı tətikləyən məqamlardan biri hesab olunur”, - deyə ekspert bildirib.
Nümunə üçün qeyd edək ki, İsveçrədə 2021-ci ilin noyabr ayına olan illik inflyasiya dərəcəsi 1,5 faiz təşkil edib. Bu göstəricinin 2008-ci ilin noyabr ayından sonra qeydə alınan ən yüksək inflyasiya dərəcəsi olduğu qeyd olunur. Bunun əsas səbəbləri arasında isə nəqliyyat xərclərinin (8 faiz), enerji xərclərinin (13.5 faiz), yanacaq xərclərinin (28.9 faiz) sürətli artımı göstərilir. Ümumilikdə, yerli məhsulların qiymətləri 0.7 faiz, idxal olunan məhsulların qiymətləri 4.1 faiz artım nümayiş etdirib
Millət vəkili Vüqar Bayramov isə bildirib ki, dünya bazarında ərzaq məhsullarının qiyməti son 30 ildə ən yüksək həddə yüksəlib və praktiki olaraq, bütövlükdə, ərzaq bazarında qlobal istehal bazarı üzrə 30 faizə yaxın artımı 2021-ci ildə müşahidə etdik.
“Qlobal olaraq, istehlak mallarının qiymətində artımlar müşahidə olundu və bu artımlar davam edir. Neft ölkələri xüsusən ərzaq məhsullarını, o cümlədən bir sıra qeyri-ərzaq məhsullarını idxal edən ölkələrdir”, - deyə o qeyd edib.
V.Bayramovun sözlərinə görə, 2022-ci ilin birinci yarısında da dünya bazarında qiymət artımlarının davam edəcəyi gözlənilir.
“Bu, həm də neft ölkələrindəki qiymətlərə təsirsiz ötüşməyəcək. Bu baxımdan, körfəz ölkələri istehlak mallarına olan tələbin ödənilməsində idxaldan asılı olduğuna görə dünya bazarında müşahidə edilən qiymət artımları həmin ölkələrdə inflyasiya səviyyəsinin yüksəlməsinə gətirib çıxarır“, - deyə o vurğulayıb.
Qeyd edək ki, qiymət artımları təkcə Avropa ölkələrində deyil, eyni zamanda neftlə zəngin olan ərəb ölkələrində, Amerika ölkələrində də müşahidə olunur.
İran və Azərbaycan arasında yükdaşıma-tranzit xərclərinin azaldılması ticarətin inkişafı ilə nəticələnəcək – İranlı rəsmi
İran və Azərbaycan arasında yükdaşıma və tranzit sahələrində xərclərin azaldılması ticarətin inkişafı ilə nəticələnəcək.
Bunu İranın Yol və Nəqliyyat Təşkilatının beynəlxalq tranzit və nəqliyyat idarəsinin baş direktoru Cavad Hedayəti deyib.
C.Hedayətinin sözlərinə görə, hazırda İran və Azərbaycan arasında yükdaşıma və tranzit xərclərinin qarşısında duran maneələrdən biri xərclərdir.
Hedayəti əlavə edib ki, İran və Azərbaycanın ticarətinin inkişafı qarşısında duran maneələrə rüsumların mürəkkəbliyi, icazə blanklarının sayını əlavə etmək olar: İki ölkə arasında rüsumlar qarşılıqlı olaraq hər bir tərəf üçün misal olaraq bir neçə milyon dollardır. Halbuki bu iki ölkənin ticarəti və tranzitinə böyük mənfi təsir göstərir. Amma bu rüsumlar azaldılarsa, ticarət və tranzit əlaqələri daha da inkişaf edə bilər".
İranlı rəsmi bildirib ki, nəqliyyat, ticarət əlaqələrinin inkişaf etdirilməsinin əsas infrastrukturlarından biri hesab olunur. İqtisadi baxımdan etibarlı, təhlükəsiz infrastrukturlar təmin olunmadıqca və ucuz yükdaşıma mövcud olmadıqca, heç bir ölkənin ticarəti lazım olduğu səviyyədə inkişaf edə bilməyəcək.
Onun sözlərinə görə, Azərbaycan və İran arasında 10 ay ərzində ticarət dövriyyəsi təxminən 340 milyon dollar təşkil edib. Halbuki iki ölkənin mövcud potensialını nəzərə aldıqda bu rəqəm çox çox aşağıdır: "Bu rəqəmin aşağı olmasının müəyyən bir hissəsini nəqliyyat sektorunda axtarmaq lazımdır. Nəqliyyat sektorunda Azərbaycan və İran 2-3 sahədə əməkdaşlıqlarını artıra bilərlər. Bir sahəsi sərnişinlərin daşınmasıdır. Koronavirus pandemiyası nəticəsində təbii ki, sərnişindaşıma azalıb. Əlbəttə hazırda vaksinasiya ilə bu maneə aradan qalxmaqdadır. Digər sahələr isə ticarət və tranzit sahələridir".
Regionlarda yaşayış və torpaq sahələrinin satışı üzrə vergi yükü azaldılır
Vergi Məcəlləsinə fiziki şəxslər tərəfindən regionlarda yaşayış və qeyri-yaşayış sahələrinin, habelə torpaq sahələrinin satışı üzrə vergi yükünün azaldılması təklif edilir.
Dövlət Vergi Xidmətindən verilən məlumata görə, hazırda fiziki şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələri, habelə torpaq sahəsi satılarkən həmin daşınmaz əmlakın sahəsinin hər kvadratmetrinə verginin baza məbləği binalar üzrə 15 manat, torpaq sahələri üzrə (kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla) isə 0,5 manat olmaqla daşınmaz əmlakın yerləşdiyi zonadan asılı olaraq müvafiq əmsallar tətbiq edilməklə vergi öhdəliyi hesablanır.
Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər layihəsinə əsasən, ucqar yerlərdə yaşayan vətəndaşların bu əməliyyatları üzrə vergi öhdəliyini azaltmaq məqsədilə həmin zonalar üzrə verginin baza məbləğinə tətbiq edilən zona əmsalı 0,5-dən 0,3-ə endirilməsi nəzərdə tutulur ki, bununla da regionlarda fiziki şəxslərin mülkiyyətində olan torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə ödəmə mənbəyindən tutulan sadələşdirilmiş verginin məbləği azalacaq.
Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər paketi artıq Milli Məclisə təqdim olunub. Qanunvericiliyə təklif edilmiş dəyişikliklərin əsas istiqamətləri sahibkarlıq fəaliyyətinin təşviq olunması, vergitutma bazasının genişləndirilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə-vergi yükünün azaldılması, vergi uçotunun, vergitutma və vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi, sahibkarlıq subyektlərinə vergi təşviqlərinin verilməsi və s. istiqamətləri əhatə edir.
Qanun layihəsi ilə bağlı müzakirələr davam edir.
Fransa şirkəti Azərbaycana elektrovozların tədarükü ilə bağlı planlarını açıqlayıb
Fransanın "Alstom" şirkəti 2021-ci ilin sonunadək Azərbaycana əlavə bir neçə lokomotiv tədarük edəcək.
Bunu "Alstom"un Azərbaycan, Gürcüstan, Özbəkistan və Türkmənistan üzrə içracı direktoru Elşən Zeynalov deyib.
Onun sözlərinə görə, şirkət noyabrın sonunda üç və dekabrda da eyni sayda lokomitivi Azərbaycana tədarük etməyi planlaşdırır.
"Müqaviləyə əsasən, cəmi 50 lokomotivin tədarükü nəzərdə tutulur. Artıq Azərbaycana 28 yük elelktrovozu gətirilib. Daha üçü noyabrda gətiriləcək. Bunlardan başqa, 2022-ci yanvar-mart aylarında 6 lokomotivin tədarükü nəzərdə tutulur" - deyə, o bildirib.
E.Zeynalov əlavə edib ki, 288,5 milyon avro dəyərində müqavilə ümumilildə 40 yük və 10 sərnişn lokomotivinin tədarükünü nəzərdə tutur.
"Azərişıq"da 8 rəis İŞDƏN ÇIXARILDI
“Azərişıq” ASC-nin Sədri Vüqar Əhmədovun əmri ilə Bakı şəhərinin rayon və qəsəbələri üzrə 8 rəis tutduğu vəzifədən azad olunub.
Bu barədə “Azərişıq”dan məlumat verilib.
Bildirilir ki, yerdəyişmələrin aparılmasında başlıca məqsəd abonentlərin daha dayanıqlı və kefiyyətli elektrik enerjisi ilə təchizatını təmin etmək, habelə enerji satış işinin təkmilləşdirilməsində maksumum effektivliyə nail olmaqdır.
Belə ki, bəzi məsul əməkdaşların xidmti ərazilərinin dəyişdirilməsi ilə iş funksiyalarının icrasında yeni abu hava yaradılması məqsədə müvafiq sayılıb.
Ətraflı
Azərbaycandan Aİ-yə ixrac edilən fındıqda kiflənmə ilə bağlı heç bir bildiriş gəlməyib - AQTA
Ötən il Azərbaycandan Avropa İttifaqına ixrac edilən fındıq məhsullarında aflatoksin (kiflənmə) aşkar edilməsi ilə bağlı ölkəmizə heç bir bildiriş daxil olmayıb.
Bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.
O bildirib ki, 2017-ci ildə ölkəmizdən ixrac edilən fındıq məhsullarında aflatoksin aşkar edilməsi ilə bağlı 17, 2018-ci ildə 16, 2019-cu ildə 10 bildiriş daxil olub.
"2020-ci ildə bununla bağlı ölkəmizə heç bir bildiriş göndərilməyib. 2021-ci ilin yanvar-avqust ayları ərzində isə Azərbaycandan digər ölkələrə ümumilikdə 38 bildiriş göndərilib. Sözügedən bildirişlərin hamısı öz təsdiqini tapıb".
Azərbaycanda qızıl bahalaşıb
Azərbaycanda qızıl və gümüş bahalaşıb.
İyulun 13-də qızılın qiyməti iyulun 12-i ilə müqayisədə 11,5515 manat (0,38 faiz) artaraq 1 unsiya üçün 3 077,0595 manat təşkil edib.
Gümüş 0,3411 manat (0,77 faiz) bahalaşaraq 1 unsiya üçün 44,6238 manata bərabər olub.
Platinin qiyməti 43,945 manat (2,36 faiz) artaraq 1 908,862 manat, palladiumun qiyməti 81,4725 manat (1,71 faiz) artaraq 4 847,839 manat təşkil edib.
Bir ay ərzində bir unsiya qızıl 152,7535 manat (4,7 faiz) ucuzlaşıb, gümüş 3,1267 manat (6,5 faiz) ucuzlaşıb, platin 56,576 manat (2,9 faiz) ucuzlaşıb, palladium 133,263 manat (2,8 faiz) bahalaşıb.
Bir il ərzində isə bir unsiya qızıl 9,69 manat (0,3 faiz) bahalaşıb, gümüş 12,4918 manat (38,9 faiz) bahalaşıb, platin 475,813 manat (33,2 faiz) bahalaşıb, palladium 1 462,7225 manat (43,2 faiz) bahalaşıb.
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.
Azərbaycanda çəkisi 400 qram olan yeni pomidor sortu yaradıldı
Azərbaycanda çəkisi 400 qram olan yeni pomidor sortu yetişdirilir.
Bunu Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev deyib.
O bildirib ki, yaradılan 10 yeni pomidor sortu dequstasiya edilib: "Pomidor sortları tam yerli ixtiradır. Sortlar müxtəlif ölçülüdür. Bir neçə sortda pomidorun çəkisi 250-400 qram olur. 3 sort isə eqzotik rəngli xırda pomidordur. Həmin pomidorlar çiyələyə bənzəyir. Digər yeni sortlar isə salxım tipli pomidorlardır. Bu sort pomidorun biri 90-100 qram olur. Hazırda yeni sortlara ad qoyulur. Hazırda müzakirələr gedir. Pomidor sortlarından birinə Azərbaycanın şanlı qələbəsi naminə ad qoymaq istəyirik. Hələlik bununla bağlı müzakirələr aparılır".
E.Allahverdiyev deyib ki, pomidorlar istixana şəraitində yetişdirilmək üçün nəzərdə tutulub. Gələcəkdə bu sortlar fermerlərə açıq şəraitdə əkilməsi üçün də təqdim oluna bilər.
Qarabağda taxıl biçini başlayıb
Qarabağda taxıl biçini başlayıb. Trend-in Qarabağ bürosunun çəkiliş qrupu bölgədə arpa və buğda biçininin gedişini izləyib, fermerlərlə söhbətləşib.
Sahibkarlar bildiriblər ki, biçin sürətlə davam edir və heç bir problem yoxdur. Bu il məhsuldarlıq yüksəkdir, texnika sarıdan da heç bir çətinlik yaranmayıb.
Fermer Məhəmməd Hüseynov hesab edir ki, bu il əvvəlkindən daha çox məhsul götürəcək: “Biçinə başlamışıq, məhsulumuz bol olacaq. Texnika ilə təmin olunmuşuq. Heç bir problemimiz yoxdur. Əminik ki, gələn il azad edilmiş ərazilərdə daha çox taxıl əkəcəyik və ölkəmizə daha çox xeyir verə biləcəyik”.
Ağdam Arqar İnkişaf Mərkəzinin direktoru Ramal Məmmədovun sözlərinə görə, bu il əvvəlkindən daha çox sahədə taxıl əkilib: “Bu il ilk dəfə azad edilmiş bəzi ərazilərdə də əkin aparılıb. Hazırda intensiv biçin gedir. Fermerlərimiz növbəti mövsümdə azad edilmiş ərazilərdə daha çox taxıl əkməyi planlaşdırır”.
Sahibkar Möhübbət Hüseynov da məhsulun bolluğundan razıdır. O, qeyd edib ki, bu il əkini böyük həvəslə aparıblar: “Torpaqlarımız işğaldan azad edilib, rahatlıqla əkin-biçin işlərimizi görürük. Ərazilər minalardan təmizləndikdən sonra əkin sahələrimiz genişlənəcək və biz taxıl istehsalını artıracağıq”.