Çərşənbə axşamı, 21 Yanvar 2020 13:28

DEPUTATLIĞA XANIM NAMİZƏD TƏŞVİQATIN BAŞLANĞICINDA “ŞƏHİDLƏRİN BACISIYAM” MESAJINI VERDİ

Yazan
Bu məqaləni qiymətləndir
(2 səs)

80 saylı İmişli – Beyləqan seçki dairəsindən deputatlığa namizəd Əsli Kazımova 20 Yanvar milli matəm günü ilə əlaqədar İmişli rayonunun 3 (Muradxanlı, Əliqulular, Sərxanlı), Beyləqan rayonunun 1 (Dünyamalılar) kəndində şəhidlərin xatirəsini daşıyan abidələri ziyarət edib, önünə gül dəstələri qoyub. Bütün kəndlərdə yerli əhali əslinə-kökünə yaxşı bələd olduqları xanım namizədi hərarətlə qarşılayıb, təşviqat kampaniyasına şəhidlərin müqəddəs ruhuna ehtiram göstərməklə başladığına görə ona minnətdarlıqlarını bildiriblər. Əsli Kazımova seçicilərlə yerli əhəmiyyətli məsələlərlə bağlı fikir mübadiləsi də aparıb.

Beyləqan rayonunun Dünyamalılar kəndində olarkən Əsli Kazımova şanlı Aprel döyüşlərində şəhid olmuş Məhəbbət Mirzəyevin ailəsinə baş çəkib. Şəhid atası Ədalət Mirzəyevlə, şəhid anası Pərvanə xanımla söhbət əsnasında igid Məhəbbət Mirzəyevin uşaqlıq, məktəb illərindən tutmuş, keçdiyi Vətənə xidmət yolunadək işıq tutulub, ruhuna rəhmət dilənib. Xatırlanıb ki, xüsusi təyinatlı Məhəbbət Mirzəyev Türkiyədə, Altayda keçdiyi real döyüş şəraitinə uyğun təlimlərdə fərqlənmişdi. Məhəbbətin şəhid olması xəbərini eşidən Çin Xalq Respublikasının müdafiə naziri də onun ailəsinə başsağlığı vermişdir.




 

Əslən İmişli rayonunun Ağaməmmədli kəndindən olan Kazımova Əsli Xanhüseyn qızı 1981-ci ilin aprel ayının 11-də Bakı şəhərində anadan olmuşdur. 1987-1997-ci illərdə Bakı şəhəri 250 saylı orta məktəbini bitirmişdir.

1997-2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Qiymət və qiymətin əmələ gəlməsi” ixtisası üzrə fərqlənmə diplomu ilə bakalavr pilləsini bitirmişdir. 2001-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində həmin ixtisas üzrə fərqlənmə diplomu ilə magistr pilləsini bitirmişdir.

2004-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının müəllimi, 2012-ci ildə “Aqrar sənaye sistemində qiymətlərin tənzimlənməsi prioritetləri” mövzusunda müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti olmaqla yanaşı, sahibkarlığın inkişafı yönümündə tamamladığı doktorluq işini müdafiə etməyə hazırlaşır. Eyni zamanda, 2005-ci ildən “Bank Respublika” ASC-də şöbə müdiri vəzifəsində işləyir.

12 avqust 2013-cü il tarixindən etibarən yarandığı ildən üzvü olduğu Azərbaycan Sosial Rifah Partiyasının sədr müavinidir. “Böyük Siyasətin Davamı” və “Faciələrimiz Unudulmayacaqdır” (Bu əsərdə Xocalı soyqırımının dünyaya tanıdılmasında Leyla Əliyevanın xidmətlərindən bəhs edilib) kitablarının həmmüəlifidir. “Ermənilər Ermənistan axtarışında” adlı Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə əlaqədar olan kitabı Azərbaycan dilinə tərcümə etmişdir.

Ailəlidir, iki övladı var.  

Hazırladı: Nüşabə Əhməd

Oxu 1155 dəfə Son redaktə Çərşənbə axşamı, 21 Yanvar 2020 13:36