Cümə, 21 May 2021 16:52

Tərlan Əliyev: “Mən də fəxr edirəm ki, mən Azərbaycanlıyam”

Əliyev Tərlan Həbib oğlu 28 dekabr 2000-ci il tarixdə Moskva şəhərində anadan olub. İbtidai təhsilini Bakı Azərbaycan Beynəlxalq Liseyində alıb. 5-ci sinifdən Bakı şəhəri Nərimanov rayon 200 saylı tam orta məktəbində təhsilini davam etdirib. Orta təhsilini başa vurduqdan sonra 2018-ci ildə Moskva Turizm – Servis Universitetinin İqtisadiyyat fakültəsinə daxil olub, ali təhsilə yiyələnib. Əmək fəaliyyətinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin Tərəzi Nəzarət məntəqəsində mütəxəssis kimi başlayıb. İcazə verilən həddən artıq yüklənmiş irigabaritli və ağırçəkili nəqliyyat vasitələrinin yollara, yol qurğularına ziyan vurmasının, digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yaratmasının qarşısınınn alınması sahəsində göstərdiyi qüsursuz xidmətlərinə görə tezliklə aparıcı mütəxəssis vəzifəsinə irəli çəkilib. Perspektivli gənc mütəxəssis Tərlan Əliyev indiyədək nail olduğu uğurlara görə atası Həbib müəllimə və ona mənəvi dəstəyini əsirgəməyən dayısı Teyyub müəllimə borclu olduğunu deyir. Vicdanla çalışmaq, karyerada yüksəlmək və bu yolla valideynlərinin zəhmətini dəyərləndirmək arzusundadır. Tərlanı bir şəxsiyyət kimi səciyyələndirən ən əsas cəhəti onun vətənpərvərliyidir. Söz yox, bu xarakter cizgisinin formalaşmasında da valideynlərindən aldığı tərbiyənin əhəmiyyəti böyük olub. Hərçənd, başqa amillər də öz sözünü deyib. Bu barədə Tərlanın fikirlərini öyrəndik. Dediklərindən: “Mənim təhsil aldığım 200 saylı tam orta məktəb Milli Qəhrəman Gültəkin Əsgərovanın adını daşıyır. Uşaqlıqdan şəhid Gültəkin Əsgərovanın keçdiyi həyat yolunu diqqətlə öyrənmişəm, onun məzun olduğu məktəbimizin önündəki hər gün gördüyüm büstünün qarşısında durub xeyli xəyala dalmışam, bütün şəhidlərimizin qanının yerdə qalmayacağına qəlbən inanmışam.Ailəmizin üzvləri Rusiyada yaşayıb işlədikləri vaxt həmişə Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu Azərbaycançılıq ideyasını təbliğ etmişlər. Mən özüm də Moskvada ali məktəbdə oxuduğum vaxt başqa millətlərin nümayəndələri olan tələbə yoldaşlarıma Azərbaycan həqiqətlərini çatdırmışam, Qarabağ məsələsində haqlı mövqeyimizi müdafiə etmişəm. Şükürlər olsun ki, möhtərəm Prezidentimiz İlham Əliyevin Ali Baş Komandanlığı altında müzəffər Azərbaycan Ordusu 30 il işğal altında olan ərazilərimizi düşmən tapdağından azad etdi. Ulu Öndərimiz Heydər Əliyevin söylədiyi kimi, mən həmişə fəxr etmişəm və fəxr edirəm ki, mən Azərbaycanlıyam”. Gəlin, gənc və perspektivli kadr olan Tərlan Əliyevə gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayaq və ümid edək ki, o, çalışdığı sahənin bacarıqlı mütəxəssisi kimi Vətənimiz Azərbaycanın tərəqqisi, çiçəklənməsi naminə hələ çox işlər görəcək, parlaq nailiyyətlərə imza atacaqdır.

Söhbətləşdi: Nüşabə Əhməd

Oxu 131 dəfə Son redaktə Cümə, 21 May 2021 17:21