SİYASƏT

SİYASƏT (27)

Türkiyə ordusunun Naxçıvana gəlməsi və Azərbaycan-Türkiyə hərbi təlimləri nəyə hesablanıb? Türk ordusu Qarabağ müharibəsində iştirak edə bilərmi? Cəbhədəki həyəcan niyə hələ də yaşanır? Tovuzda baş verən təxribatlar hansı dövlətlərin marağındadır? Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya çıxarılması kimləri narahat edir?

Pressinfo.az Mia.az a-istinadan xəbər verir ki, “Azsiyasət.com” saytı bu və ya digər suallarla Milli Məclisin deputatı Vahid Əhmədova müraciət edib. V.Əhmədov qeyd edib ki, türk hərbçilərinin Naxçıvana gəlməsi, əslində, bir mesajdır: "Belə bir mesaj faktiki olaraq, rus ordusu tərəfindən verilmişdi. Məlum təxribatlardan sonra Rusiya ermənilərlə birlikdə hərbi təlimlər keçirməyə başladı. Tovuz hadisələri zamanı Ermənistan təxribat törətdi və nəticədə onların da, bizim də itkilərimiz oldu. Mən belə hesab edirəm ki, bu təxribatın arxasında Rusiya dövləti dayanmışdı. Bu gün də hesab edirəm ki, bu təxribatlar yenə də ola bilər. Çünki Rusiya elə bir dövlətdir ki, istədiyinə nail olmasa, həmişə təxribata əl atır. Amma gördünüz ki, Türkiyə Prezidenti, Türkiyənin Xarici İşlər Naziri və Müdafiə Naziri çox sərt bəyanatlar verdilər. Ərdoğan açıq şəkildə bəyan etdi ki, Türkiyə Azərbaycanın yanındadır və Türkiyə Azərbaycanı bütün hadisələrdə müdafiə edəcək. Ərdoğan Putinlə də telefon danışığında bir daha bildirdi ki, Azərbaycan torpaqları işğal edilib və gec-tez bu torpaqlar işğladan azad edilməlidir. Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimi olduqca əhəmiyyətlidir, sabah hər hansı bir hadisə baş verərsə, türk hərbçilərinin orada iştirakları labüddür. Belə suallar səsləndirilir ki, bəs türk ordusu Qarabağ döyüşlərində iştirak edə bilərmi? Birinci növbədə Azərbaycanın özü Qarabağda hərbi əməliyyatlara başlamalıdır. Ora bizim ərazidir, hazırda orda terorrçular oturublar. Burada Rusiya məsələsini ön çəkirlər. Amma bir məsələni anlamaq lazmdır ki, hansı ölkədə terroristlərə qarşı mübarizə aparanda başqa bir ölkə qarışır? İlk növbədə güc-qüvvət tapıb özümüz mübarizəyə başlamalıyıq. İkincisi də ki, mən dəfələrlə demişəm ki, biz Türkiyə və Pakistanla hərbi müqavilələr imzalamalıyıq. Elə etmək lazımdır ki, digər türk dövlətləri də buna qoşulsunlar. Bu istiqamətdə elə işlər görmək lazımdır ki, Azərbaycanda problemlər yaranmasın. Düzdür, mən Tovuzda baş verən hadisələrdən sonra belə başa düşdüm ki, ölkəmizdə ciddi problemlər yaranmayacaq. Türkiyə dövləti də burda öz sözünü dedi. Axı Türkiyənin də Azərbaycanda böyük maraqları var. Çünki bizim bütün xəttlərimiz, enerji layihələrimiz məhz Türkiyə vasitəsilə həyata keçirilir. Ona görə də, Türkiyə bu məsələdə seyrçi mövqe tuta bilməz. Burda çox ciddi məsələr var. Türk ordusunun Qarabağ savaşında iştirak edib-etməməsi daha çox bizim iradəmizdən, qəbul etdiyimiz siyasi və hərbi qərarlardan asılıdır". V.Əhmədov qeyd edib ki, Rusiyanın istədiklərini vermədiyimizə görə, Azərbaycanla bağlı planlar işləməyə başladılar, çevrilişlər etməyə çalışdılar: "Əslində, bu gün baş verən hadisələrin bönüvrəsi 2010-cu ildən başladı. O vaxt TANAP layihəsinin icrasına başlananda Putin, Medvedyev, “Qazprom”un sədri Azərbaycana gəlib-getdilər. Cənab Prezidentlə danışıqlar apardılar, onlar istədilər ki, qazı Rusiya vasitəsilə Avropaya çıxaraq. Cənab Prezident yox demədi, müəyyən manevrlər elədi. Türkiyə və Avropa dövlətləri ilə müzakirələrdən sonra 2012-ci ildə belə bir müqavilə imzalandı ki, Azərbaycan qazı Türkiyə vasitəsilə Avropaya çıxarılacaq. Bu, böyük bir layihədir, ola bilər ki, sabah Türkmənistan, İran qazı da ordan keçsin. Gələcəkdə ola bilər ki, Xəzər vasitəsilə boru çəkilsin, yəni bu məsələdə planlar çox böyükdür. Amma Cənab Prezident bu məsələdə çox böyük çeviklik göstərdi. İndi TAP layihəsi də həll olunub və TANAP-a birləşdirilib. Digər tərəfdən də, Avropa bazarında qaza olan ehtiyac kskin şəkildə azalıb. Çünki istehsal sahələri çox yerdə işləmir, müəssisələr dayanıb və s. Eyni zamanda, mənim aldığım məlumata görə, Türkiyə rus qazından imtina etmək istəyir. Çünki Azərbaycandan qaz alıb istifadə edəcək. Faktiki olaraq, Avropa bazarının 60-7%-ni Rusiya təmin edir. Yəni, istəyirlər ki, Azərbaycana təzyiq etsinlər. Amma artıq gecdir, Azərbaycan 1992-1993-cü ildəki ölkə deyil. Ölkəmiz dünya üçün çox əhəmiyyətli bir dövlətə çevrilib. Elə bir nöqtədə yerləşir ki, Avropa və Asiya burada birləşir, böyük layihələr həyata keçirilir. Burada maraqlı olan dövlətlərdən biri də Türkiyədir. Türkiyə isə heç vaxt razı olmayacaq ki, Azərbaycana kimsə yenidən hücum etsin. Türkiyə-Azərbaycan və Pakistan arasında bütün məsələləri əhatə edən hərbi müqavilə imzalanmalıdır. Məsələn, KTMT-də necədirsə, o formada, üzv ölkələrdən biri müharibə edərsə, digər üzvlər də onu müdafiə etməlidir. Belə bir formatda müqavilə imzalanmalıdır. Amma yəqin ki, bu da olacaq. Tarix boyu Rusiya heç vaxt Azərbaycanı istəməyib, mən bunu heç vaxt eşitməmişəm, görməmişəm. Bəziləri deyir ki, ehtiyatlı olmalıyıq. Nədən ehtiyatlı olmalıyıq? Ehtiyatdan keçib artıq, axırıncı təxribat zamanı da gördük ki, oyuncaq Ermənistanın arxasında Rusiya dayanıb. Qarabağın statusunu da heç kəs tanımayıb. Bu yaxınlarda ABŞ Konqresində Azərbaycan torpaqlarının işğal olunduğunu təsdiqləyən sənəd də qəbul olundu". V.Əhmədov Azərbaycanın daxilində mühüm işlərin aparılmasının vacibliyindən də danışıb: "Biz daxildə də iş görməylik, həmrəylik olmalıdır içimizdə. 14 iyulda baş verən hadisələr, insanlar izadihamlı yürüşü artıq Azərbaycan əhalisinin nəyə qadir olduğunu göstərdi. Düzdür, müəyyən təxribatlar da oldu. O qədər insan olan yerdə problemlər də ola bilərdi. Amma əsas odur ki, insanlar dövləti və ordunu müdafiə elədilər. “5-ci kolon” məsələsinin üzərində ciddi iş aparılmalıdır, bu çox ciddi məsələdir. Azərbaycanın gələcəyi, müstəqilliyi üçün bu məsələ araşdırılmalıdır. Həmin bu "5-ci kolon"un nümayəndələri tərəfindən Azərbaycandan Ermənistana informasiyalar gedir. Dövlət Təhlükəsizliyi Xidməti bununla bağlı çox böyük işlər görüb, amma bu işləri daha da dərinləşdirməlidir. Azərbaycanın dövlət maraqlarını digər dövlətlərə satan insanlarla bir yerdə ola bilmərik".

Azərbaycan Respublikasının milli təhlükəsizlik maraqlarına yönələn təhdidlərin, terror-təxribat və digər pozuculuq fəaliyyətinin vaxtında aşkar edilməsi və qarşısının alınması, eləcə də beynəlxalq terrorçuluqla mübarizə istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks tədbirlər davam etdirilir. Xarici xüsusi xidmət orqanlarının nəzarəti altında Azərbaycan Respublikası vətəndaşlarının seçilərək onlara radikal-ekstremist dini ideyaların aşılanması yolu ilə ölkə hüdudlarından kənarda hərbi təlimlərin keçirilməsi, şəxsiyyətləri gizlədilərək müxtəlif adlarla digər dövlətlərin ərazisindəki münaqişə ocaqlarında hərbi əməliyyatlara cəlb olunmaları barədə toplanılmış materiallar əsasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işi üzrə hazırda istintaq-əməliyyat tədbirləri aparılır. Araşdırmalar nəticəsində, Azərbaycan Respublikasının vətəndaşı Şükürov Mehdi Əflatun oğlunun ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə terrorçuluq cinayət əməllərinin törədilməsi üsulları, odlu silahlardan, partlayıcı maddələrdən və qurğulardan, eləcə də digər ümumi təhlükəli üsullardan və texniki vasitələrdən istifadə hazırlığı ilə əlaqədar təlim almasına, “Muxtar” ləqəbi ilə ölkə hüdudlarından kənarda ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Mehdi Şükürov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3,214-3.1-ci (terrorçuluq məqsədi ilə Azərbaycan Respublikasından kənarda təlim keçmə) və 12.1,279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarış elan edilmişdir. Mehdi Şükürovun Rusiya Federasiyasının ərazisinə keçdikdən sonra gizləndiyi yer müəyyən edilmiş, o, beynəlxalq axtarışa dair qarşılıqlı hüquqi yardım proseduru çərçivəsində saxlanılmış və 2020-ci il iyulun 28-də Azərbaycan Respublikasına ekstradisiya olunmuşdur. Hazırda cinayət işi üzrə araşdırma davam edir

baku.ws

Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçiriləcək.


Bu barədə Demokrat.az-a Müdafiə Nazirliyindən məlumat verilib. 


Birgə təlimlərdə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb ediləcək.


Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçiriləcək.

Pressinfo.az Hit.az a-istinadan xəbər verir

Rusiyada, RESO sığorta qrupunun ortağı olan, erməni əsilli milyarder Sergey Sarkisov Azərbaycan və erməni diasporlarının nümayəndələrindən Dağlıq Qarabağdakı münaqişənin kəskinləşməsi fonunda Moskvadakı iğtişaşlara son qoyulması üçün kömək istəyib. Müraciət Sarkisovlar ailəsi və "Ermənilər Assambleyası" adından yayımlanıb. Sarkisov o cümlədən, qeyd edib ki, "öz millətçiliyinin barbar təzahürünü ortaya qoyan, sadəcə fərqli bir millət olduqlarına görə insanları döyən və ya öldürən insanlardan" utanırdı. Bundan başqa, Sarkisov bildirib ki, onun ailəsi Moskvada azərbaycanlıların əmlakına vandallar tərəfindən vurulmuş zərərin əvəzini ödəməyə hazırdır. Sarkisovun müraciətində o cümlədən deyilir: “... Hər bir millətin həm qürur duyacağı, həm də utananacağı insanlar var. Qardaşım və mən Moskvada doğulub böyüdük. - gözəl və nəcib insanlar olan, mənim çox dəyər verdiyim çoxlu azərbaycanlı dostlarım var. Zorakılıq və dağıdıcılıqla milli kimliyini göstərməyə qərar verən vandallara görə onların qarşısında utanıram. Erməni qohumlarımın və dostlarımın qarşısında vətənlərindən uzaqda millətçiliyinin barbar bir təzahürünü ortaya qoyan, sadəcə fərqli millət olduqlarına görə insanları döyən və ya öldürənlər üçün utanıram. Mən Ermənistan və Azərbaycan ziyalılarının nümayəndələrinə, hər iki millətin iş adamlarına müraciət edirəm: vandalları və ekstremistləri dayandırın, maarifləndirin. Onlara izah edin ki, xalqlarımızın adətində yaşamaq və işləmək, övladlarınız üçün təhsil almaq üçün verilmiş evdə dava-dalaş təşkil etmək yoxdur. Rusiyanı nəzərdə tuturam. Xalqlarınızı, əcdadlarınızı rüsvay etməyin. Bu son günlərdə baş verənlər, ev sahiblərinə nankorluq və hörmətsizliyin təzahürünün qəbuledilməz bir formasıdır ... Ailəmiz, axmaqlıq və ya aldanma səbəbindən, əsl kişinin daha yüksək səslə qışqıran və ya şüşələri sındıran insan olduğuna inanan ermənilərin azərbaycanlı iş adamlarının əmlakına vurduğu ziyanı kompensasiya etmək öhdəliyini götürür ... Moskvalıları əmin etmək istəyirəm ki, xalqlarımızın nümayəndələri bu ölkəyə dinc, xoş niyyətlə, məhv etmək yox, yaratmaq məqsədi ilə gəliblər".

Pressinfo.az Moderator.az a-istinadan xəbər verir

 Prezident İlham Əliyev Ceyhun Bayramovu Xarici İşlər naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən xarici siyasət prioritetlərini sıralayıb və ilk olaraq qonşu ölkələrlə münasibətlərin prioritetliyin qeyd edib.

Məlum olduğu kimi Azərbaycanın Rusiya, İran, Türkiyə, Gürcüstan, Ermənistanla quru sərhədləri mövcuddur. Türkmənistan və Qazaxıstanla su sərhədlərimiz olmasına baxmayaraq, bu iki Orta Asiya respublikası yaxın qonşularımız hesab olunmur. Siyasi-çoğrafi cəhətdən qonşularımız anlayışı məhz Rusiya, İran, Türkiyə, Gürcüstan və Ermənistanı əhatə edir. Ermənistanla müharibə vəziyyətində olduğumuzu və diplomatik əlaqələrin mövcud olmadığını nəzərə alanda bu ölkənin xarici siyasət prioritetlərimizə daxil olmadığı aydın olur. Deməli qalır, dörd ölkə Rusiya, İran, Türkiyə və Gürcüstan. Bu dörd ölkənin özlərinin xarici siyasət prioritetləri tamamilə fərqlidir və bir-birinə ziddiyət təşkil edir. Onların Azərbaycana münasibəti fərqli və əks qütbülüdür. Belə bir vəziyyətdə siyasətçi və diplomatik təcrübəsi olmayan Ceyhun Bayramovu gözləyən çətinlikləri təsəvvür etmək çətin deyil. Üstəlik də Rusiya xarici siyasət idarəsinin başında diplomatik etikaya uymayan, həmkarlarını aşağılamaqdan və bir çox hallarda isə söyməkdən çəkinməyən birisi durur. Məsələn, nufuzlu "Daily Telegraph" qəzeti 2008-ci ildə Lavrov Böyük Britaniyanın xarici işlər naziri Devid Milibendi çox ağır formada (fucking lunatic) söydüyü haqqında məlumat dərc etmişdi. Bu məlumata aydınlıq gətirən Lavrov bu təhqiramiz ifadəni işlətdiyini, ancaq bu zaman Devid Milibendi deyil, Mixail Saakaşvilini nəzərdə tutduğunu söyləmişdi. Oxşar vəziyyət 2016-cı ildə yaranmışdı. Səudiyyə Ərəbistanın xarici işlər naziri Adil əl-Cubeyrlə mətbuat konfransı zamanı Lavrov həmkarının jurnalistin sualını cavablandırdığı zaman özünün qarşısındakı mikrofonun bağlı olduğunu zənn edərək “axmaqlar” ifadəsini işlədir və ardınca da ana söyüşü söyür. Bu olay üzərinə Lavrov üzr istəmək əvəzinə bütün günahı mikrofonun açıq olmasında gördüyünü ifadə etmişdi. O zaman belə qənaət yaranmışdı ki, Lavrov mikrofonun açıq olduğunu bilib və qəsdən ərəb həmkarına narazılığını nümayişkarənə sürətdə çatdırmaq istəyib. Diplomatik təcrübəsi olmayan, üstəlik siyasətçi də olmayan Ceyhun Bayramov tezliklə söyüşkən diplomat kimi tanınan Sergey Lavrovla çox ağır diplomatik danışıqlar aparmalı olacaq. Çünki Rusiya qarşıdakı aydan etibarən özünün SSRİ-2 layihəsini reallaşdırmağa çalışacaq

“Əlbəttə, “ASAN xidmət”in fəaliyyətinə qayıdarkən, bir daha demək istəyirəm ki, bu xidmətin timsalında bizim müasir yanaşmamız görünür. Onu görürük və sübut edirik ki, korrupsiya ilə, rüşvətxorluqla nəinki mübarizə aparmaq mümkündür, uğur qazanmaq mümkündür. Biz bütün vasitələrdən istifadə edirik. Əlbəttə, hesab edirəm ki, burada əsas rol sistem xarakterli tədbirlərdir. Çünki artıq “ASAN xidmət”in timsalında görürük ki, burada bu, mümkündür. Ona görə, bu sistem xarakterli institusional tədbirlərlə biz korrupsiyanın, kölgə iqtisadiyyatının meydanını daraldırıq”.

Pressinfo.az Yenisabah.az a-istinadan xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev iyunun 3-də Ağcabədidə “ASAN Həyat” kompleksinin açılışında çıxışı zamanı deyib.

“Ancaq bununla yanaşı, inzibati tədbirlər və cəza tədbirləri görülür və görüləcək. Azərbaycan ictimaiyyəti bu məsələ ilə bağlı məlumatlandırılır. Deyə bilərəm ki, mənim ünvanıma gələn minlərlə məktubda korrupsiya, rüşvətxorluq ilə bağlı bizim mübarizə çox yüksək qiymətə layiq görülür. Vətəndaşlar bunu təqdir edir, bəyənir və biz görürük ki, yerlərdən artıq siqnallar gəlməyə başlayır. Mən bir daha demək istəyirəm ki, mütləq ictimai nəzarət olmalıdır. Məmur özbaşınalığı ilə bağlı hər bir siqnal araşdırılacaq. Təbii ki, bu siqnallar ədalətli olmalıdır. Burada da hansısa qarayaxma kampaniyasına yol vermək olmaz və kortəbii yanaşmaq olmaz. Hər bir siqnal ciddi araşdırılacaq. Çünki istisna deyil ki, kimsə yalandan ortalığa bir məlumat ata bilər, kiminsə kimdənsə xoşu gəlmir, onun haqqında nəsə yaza bilər, belə hallar da var.

Ona görə, ilk növbədə, ədalət və ictimai nəzarət təmin edilməlidir. Əminəm ki, biz korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə də qalib gələcəyik. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizə sayəsində görülmüş işlərə yüksək qiymət verərək Azərbaycanı nümunəvi ölkə adlandırıb. Bəlkə də başqa ölkələr haqqında oxşar fikirlər səsləndirilib, amma mən eşitməmişəm. Amma Azərbaycana gəldikdə, Ümumdünya Səhiyyə Təşkilatı, o təşkilat ki, dünya miqyasında bütün səhiyyə sahəsində işlərə rəhbərlik edir və işləri koordinasiya edir, Azərbaycanı nümunəvi ölkə adlandırıb.

Bütün bunlar bir daha ona göstərir ki, birincisi, Azərbaycan güclü dövlətdir, ikincisi, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır, onun sağlamlığıdır. Bu, onu göstərir ki, bizim tədbirlərimiz məqsədyönlüdür, səmərəlidir, vaxtında atılmış cəsarətli addımlardır. Biz insanların həyatını qorumaq üçün şüurlu şəkildə iqtisadi tənəzzülə və iqtisadi itkilərə getdik. Milyardlarla manat, – baxmayaraq ki, neftin qiyməti düşüb, – xərclədik və xərcləyirik. İnsanların sağlamlığı birinci yerdədir. Bu, onu göstərdi ki, ən çətin böhranlı anlarda biz düzgün addım ata bilərik və güclü iradə göstərə bilərik. Mən hər gün insanlardan yüzlərlə təşəkkür məktubu alıram. Onların cəmi bir hissəsi mətbuatda dərc edilir. İnsanlar bu məktublarda minnətdarlıqlarını bildirirlər. Mənim üçün görülmüş bu işlərə verilmiş ən yüksək qiymət vətəndaşların buna münasibətidir”, – deyə dövlət başçısı əlavə edib.

Pressinfo.az Demokrat.az a-istinadan məlumat verir

Nəcməddin Sadıkovu Azərbaycan dilini yaxşı bilməməkdə qınayanlar bekar adamlardır” 

"Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun Azərbaycan dilində yaxşı danışa bilməməsi bu günə qədər onun peşə fəaliyyətində heç bir problem yaratmayıbsa, bunu şişirtmək, tənbeh vasitəsinə çevirmək ciddi yanaşma deyil və sadəcə nəyinsə qisasını almaq üçün ortaya atılan bəhanədir".


Bunu Qaynarinfo-ya açıqlamasında ehtiyatda olan zabit, hərbi ekspert Abuzər Əbilov deyib.
O bildirib ki, peşə fəaliyyətində qəbahətlərə, qanunsuzluqlara yol verən, işinin öhdəsindən gələ bilməyən şəxsi uzun müddət vəzifədə saxlamazlar:


Ekspert hesab edir ki, N.Sadıkov Azərbaycan Ordusu, ümumilikdə hərbi sahə üçün vacib və dəyərli kadrdır: "Nəcməddin Sadıkov uzun illərdir ki, Baş Qərargah rəisidir. Onun fəaliyyəti dövlətə, millətə, Silahlı Qüvvələrə lazım olmasaydı vəzifədən azad edərdilər. Nəcməddin Sadıkov birinci Qarabağ savaşından bugünkü günə kimi Azərbaycan Ordusunda xidmət edən az sayda döyüş zabitlərindən biridir. Bu gün onun haqqında əsassız ittihamlar səsləndirilir, Azərbaycan dilində yaxşı danışa bilməməsi irad tutulur. Düşünürəm ki, peşəkarlıq üçün dil faktoru vacibdir, ancaq mütləq deyil. Öz aramızda da Azərbaycan dilində yaxşı danışa bilməyən insanlar var. Bilirik ki, sovetlərdən qalma nəslin o vaxtkı təlim-tədrisi rus dilində olub. Ona görə də rus təhsili onların nitqinə təsir edib. Maraqlısı odur ki, Azərbaycan dilində pis danışmağı qəbahət sayan, bunu nöqsan kimi qabardan insanlar övladlarını, nəvələrini rus bölməsində oxutdurmağı üstün tuturlar. Mən buna pis baxmıram, çox dil bilmək qəbahət deyil, dil mədəniyyətdir, əlavə bilik mənbəyidir, ünsiyyət imkanın geniş olmasıdır".


A.Əbilov vurğulayıb ki, dogma dili yaxşı bilməmək ordunun döyüş hazırlığına mənfi təsir etmir: "Mən belə tənqidləri bekar insanların işi hesab edirəm. Onlar bilməlidirlər ki, etdikləri hərəkətləri xoş qarşılamıram. Ümumiyyətlə, dil faktoru niyə döyüş hazırlığına təsir etməlidir? Bu gün Azərbaycan Ordusunda rus məktəbində təhsil almış minlərlə zabit var. Onlar bir çox təlimlərdə, yarışlarda rus dilində aldıqları təhsildən istifadə edirlər. Məncə, Azərbaycan dilinə tərcümə olunan rus terminləri öz mənbəyini itirməməlidir, axı biz onları rus hərb nəzəriyyəsindən götürmüşük. Qarşıda bizim çox böyük işlərimiz var, gəlin içimizdə düşmən axtarmayaq. Nəcməddin Sadıkovun necə zabit olmasını müzakirə etməyək, bu qiymətləndirməni ölkənin Ali Baş Komandanı, Müdafiə naziri edə bilər. Fikir verirəm, bəzən Baş Qərargah rəisi haqqında insanın qəbul edə bilməyəcəyi fikirlər yazırlar. Güya Nəcməddin Sadıkov Rusiyanın agentidir və s. Bu nəyə lazımdır? Mən həmin insanlara sual verirəm, bu gün bizim orduda agentin öyrənə biləcəyi hansısa gizli, ağrılı problemlər varmı?".


Hərbi ekspert qeyd edib ki, Baş Qərargah rəisinin peşəkarlığını həmişə yüksək qiymətləndirib: "Mən birinci Qarabağ savaşında Nəcməddin Sadıkovla çox az rastlaşmışam. Ancaq açıq deyirəm, təəssüflər ki, həmin savaşda yumruğunu masaya vura bilən və hərbi sənətlə hərbçi kimi məşğul olan zabitlər az idi. Bu gün mənim Nəcməddin Sadıkov ilə heç bir əlaqəm yoxdur, onunla ümumiyətlə, görüşüm olmayıb. Lakin mən bir zabit kimi onun peşəkarlığına həsəd aparıram".