SİYASƏT

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfəri başlayıb.

 

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, dövlətimizin başçısı yanvarın 21-də Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşüb.

Görüşdə Azərbaycan Hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında ilk dəfə olaraq əməkdaşlığın təməli qoyuldu. Bu məqsədlə Azərbaycan Prezidenti İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında əməkdaşlıq sazişinin təntənəli mübadiləsi həyata keçirildi.

Söhbət zamanı Dünya İqtisadi Forumunun prezidenti Borge Brende Prezident İlham Əliyevi yenidən Davosda görməkdən məmnunluğunu bildirdi və dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın dördüncü sənaye inqilabına doğru qətiyyətli addımlar atdığını qeyd etdi. Borge Brende son iyirmi ildə Bakının sürətlə tanınmaz dərəcədə dəyişdiyini vurğuladı.

Prezident İlham Əliyev Azərbaycan Hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında əməkdaşlıq sazişinin vacibliyini qeyd edərək dedi ki, bu sənəd bizim tərəfdaşlıq ruhumuzu və qarşılıqlı səylərimizi davam etdirməkdə istəkli olduğumuzu nümayiş etdirir. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan dördüncü sənaye inqilabının hədəflərinin həyata keçirilməsində çox fəal iştirak edəcək. Keçən il Azərbaycanda qeyri-neft sektorunda sənaye istehsalının 9,1 faiz artdığını vurğulayan Prezident İlham Əliyev əminliklə bildirdi ki, biz bu vacib layihədə yaxşı tərəfdaşlar olacağıq.

Prezident İlham Əliyev növbəti dəfə Dünya İqtisadi Forumunda iştirakından və Forumla Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə etdi. Forumun dünyada gedən transformasiya prosesinin yeni təmayülləri və çağırışların müzakirəsi baxımından əhəmiyyətini vurğulayan dövlətimizin başçısı Azərbaycanın öz inkişaf strategiyasını yenilənən beynəlxalq və regional təmayüllər nəzərə alınmaqla qurduğunu bildirdi.

Prezident İlham Əliyev ölkəmizdə aparılan islahatlar, inkişaf prosesləri barədə məlumat verdi, böyük nəqliyyat və infrastruktur layihələrinin, o cümlədən Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri ilə bağlı layihələrin, enerji layihələrinin reallaşdırılmasının həm ölkəmiz, həm də region üçün əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı Azərbaycanda biznes mühitinin daha da inkişaf etdirilməsi istiqamətində aparılan islahatlar barədə məlumat verdi.

Borge Brende Azərbaycan ilə Dünya İqtisadi Forumu arasında əməkdaşlıqdan və ölkəmizin bölgədə oynadığı roldan məmnunluğunu ifadə etdi. Bildirdi ki, Azərbaycanın qonşu və region dövlətləri ilə iqtisadi əməkdaşlığının və ölkəmizin güclənən iqtisadiyyatının bölgə ölkələrinin inkişafında əhəmiyyətli rolu var. Dünya İqtisadi Forumu bu rolu qiymətləndirir.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıldı.

Çərşənbə axşamı, 22 Yanvar 2019 21:59

Ərdoğandan Suriya ilə bağlı bəyanat

Yazan

Suriyadakı əməliyyata hazırlıq başa çatıb.

Xeberlenti.com  Oxu.Az-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

O bildirib ki, Türkiyəyə qarşı yönələn istənilən addımlara qətiyyətli cavab veriləcək.

“Heç kim Türkiyə əleyhinə planları reallaşdırmağa çalışmasın. ABŞ, Rusiya və digər qüvvələrlə dialoqda konsensusa səmimi şəkildə can atırıq, lakin bu o demək deyil ki, regionda baş verənləri sakit oturub izləyəcəyik”, – deyə o vurğulayıb.

Rusiya hər cür təhdidi təsirsiz hala gətirəcək gücə sahibdir.

Bunu  Baltik dənizinə daxil olan ABŞ-ın 2 hərbi gəmisinin Rusiyanın eyni sayda gəmisi tərəfindən təqib edilməsini şərh edən rus hərbi ekspert Andrey Koşkin bildirib.

“Gərginlik hər şeydən əvvəl ABŞ-a görə artır. Prezident Donald Tramp ulduz müharibələrinin yeni turunun başladığını bildirir. Gəmilərdə olan hava müdafiə sistemləri ABŞ üçün bir növ üstünlük təşkil edir. Amerikalılar dəniz sərhədlərimizdə Rusiyanın ətrafında “anakonda düyünü” yaratmağa çalışır, ancaq Rusiyanın bu təhdidi təsirsiz hala gətirəcək gücdə olduğunu nəzərə almalıdırlar. ABŞ-a və NATO-ya üzv olan digər ölkələrə aid bütün gəmiləri bizim gəmilərimiz müşayiət edir. Gəmilərimiz onların atdıqları addımlara nəzarət etməklə kifayətlənməyib, hər cür təhdidi də təsirsiz hala gətirə biləcək gücdədir”, – Koşkin qeyd edib. (Axar.az)

 

 

Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov hazırda cəza çəkən Mehman Hüseynovun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti ilə bağlı açıqlama verib.

AZƏRTAC-ın verdiyi məlumata görə, Fuad Ələsgərov deyib ki, Mehman Hüseynov 2019-cu il yanvarın 20-də Azərbaycan Respublikasının Prezidentinə müraciət edib. Müraciətdə o, barəsində aparılan istintaqın obyektivliyinin təmin edilməsi və ədalətli qərar qəbul olunması üçün Azərbaycan Respublikası Prezidentinin müdaxilə etməsini xahiş edib.

Bundan öncə, 2019-cu il yanvarın 18-də Mehman Hüseynovun məsələsi ilə əlaqədar bir qrup hüquq müdafiəçisi də Azərbaycan Respublikasının Prezidentinə müraciət ünvanlamışdır. Hüquq müdafiəçiləri baş vermiş insidentlə əlaqədar süni şəkildə ajiotaj yaradıldığını, yalan məlumatların yayıldığını, yanlış ictimai rəy formalaşdırmağa cəhdlər edildiyini qeyd etmiş, Azərbaycan Respublikası Prezidentinin yüksək humanizm prinsipinə daim sadiqliyini xüsusi vurğulayaraq, Mehman Hüseynovun barəsində də mərhəmət göstərilməsini xahiş etmişlər.

15480814712166832574_462x336

“Müraciətlər Azərbaycan Respublikası Prezidentinin diqqətinə çatdırılıb və cənab Prezident bu müraciətlərə dərhal reaksiya verib. Möhtərəm Prezident məhkumun gənc olmasını, artıq iki ilə yaxın cəza çəkdiyini, ailə vəziyyətini və atasının yaşlı olduğunu nəzərə alaraq, Mehman Hüseynovun işində humanizm prinsipinin önə çəkilməsini, araşdırmanın obyektiv və ədalətli olması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini Azərbaycan Respublikasının Baş prokuroruna tövsiyə edib. Eyni zamanda, cənab Prezident hadisənin iştirakçılarını barışığa doğru addımlar atmağa dəvət edib” – deyə Fuad Ələsgərov bildirib. 

Mehman Hüseynovla bağlı əvvəllər də humanist yanaşmanın şahidi olmuşuq. Belə ki, o, cəza çəkdiyi müddətdə ağır xəstəlikdən sonra vəfat etmiş anasının yas mərasimində iştirak etməyə buraxılmışdır.

Azərbaycan Respublikasının Prezidenti hər zaman bu cür müraciətlərə həssaslıqla yanaşır, öz fəaliyyətində daim ədalət və humanizm prinsiplərini rəhbər tutur və bütün dövlət məmurlarından da eyni yanaşmanı tələb edir. Həmin siyasətin təzahürü kimi onlarla amnistiya aktlarını, əfv haqqında sərəncamları göstərmək olar. Cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı cənab Prezidentin son təşəbbüsləri minlərlə məhkumun azadlığa çıxmasına zəmin yaratmışdır.

 

Ötən ilin dekabr ayında istifadəyə verilən “Babək” prospektinin bir hissəsində çökmə baş verib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Modern.az-a hadisə ilə bağlı açıqlama verib.

O bildirib ki, çökmə 2-3 metrlik hissədə baş verib:

“Hazırda əməkdaşlarımız ərazidədir. Deformasiyaya uğramış hissə bərpa olunur. Problemin hansı səbəbdən yarandığı araşdırılır”.

AAYDA rəsmisinin sözlərinə görə, çökməyə ilkin səbəb kimi yolun altından yenidənqurma zamanı çoxlu yeni kommunikasiya xətləri çəkilməsi ehtimal olunur.

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə “Babək” prospektinin yenidənqurma işlərinə 2018-ci ilin dövlət büdcəsindən 20,1 milyon manat vəsait ayrılmışdı.

Qeyd edək ki, yenidənqurma işləri zamanı yeraltı kommunikasiya xətlərinin çəkilişi digər qurumlarla birgə aparılıb, prospekt boyunca 4 km-ə yeni yaxın kanalizasiya kollektoru, 1000 və 800 mm diametrli polad borularla 7 km uzunluğunda əsas magistral, prospektin sağ və sol hissəsi ilə polietilen borularla 11 km uzunluğunda paylayıcı kəmərlər olmaqla, ümumilikdə 30 km-ə yaxın su xətti çəkilib.

Bundan başqa aparılan yenidənqurma zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi də bərpa olunub, zəruri olan yerlərdə yeni sistem qurulub.

Bazar ertəsi, 21 Yanvar 2019 21:50

Amerikadakı Leyli və Məcnun…

Yazan

Söhbətimə Məmməd Səid Ordubadinin bir kəlamı ilə başlamaq istəyirəm: “Evlənməkdə uduzmaq, bütün həyatı uduzmaq deməkdir”. Bəli, ailə sevgi üzərində qurulanda həyat da gözəl olur. Lap elə Emil Sultanovun qurduğu ailə kimi…

Adətən söhbətlərimdə fərdlərdən danışıram. Amma bu cütlüyün arasında olan mehriban münasibət məni o qədər heyrətləndirdi ki, Emili Nərminədən, Nərminəni Emildən ayra bilmədim…

Emil Sultanov 1972-ci ildə Bakıda dünyaya gəlib. 1989-cu ildə Bakıxanov qəsəbəsindəki 72 nömrəli məktəbi bitirib. 1995-ci ildə Azərbaycan Neft Akademiyasında ali təhsilini başa vuraraq, mühəndis-elektrik ixtisasına yiyələnib. 1995-1997-ci illərdə “İNTRANS” internet təhcizatı şirkətində mühəndislik edib. 1997-2001-ci illərdə Bakıdakı banklardan birində informasiya texnikaları üzrə menecer vəzifəsində çalışıb. 2001-2007-ci illərdə ABŞ-ın Azərbaycandakı səfirliyində yenə də eyni ixtisas üzrə menecer işləyib. 2007-ci ildə təhsilini artırmaq üçün ABŞ-a gəlib. 2010-cu ilədək Kaliforniya Dövlət Universitetində ikinci ali təhsil alaraq, kompüter elmləri üzrə magistr səviyyəsinə yüksəlib. Orada təhsil alarkən məşhur “Beckman Coulter” şirkətində tibbi avadanlıqların proqramlaşdırılması üzrə altı aylıq təcrübə keçib…

2010-cu ildən Kaliforniya ştatının Rancho Santa Margarita şəhərində yaşayır. Elə o vaxtdan da ştatın İrvine şəhərində fəaliyyət göstərən dünyada məşhur “Masimo Corporation” tibbi avadanlıqları şirkətində çalışır. Ötən bu müddət ərzində o, sıravi mühəndislikdən böyük aparıcı mühəndis vəzifəsinədək yüksələ bilib. Deyir ki, “Dəfələrlə Azərbaycana qayıtmaq istədim. Amma çətinliklərə sinə gərərək, ayağa qalxa bildim. İndi özümü çox xoşbəxt hiss edirəm”…

Ömür-gün yoldaşı Nərminə İsmayılova ilə Azərbaycanda oxuyarkən tanış olublar, bir qrupda təhsil alıblar. Aralarındakı sevgi o qədər safdır ki, mən onları əsrimizin Amerikadakı azərbaycanlı Leyli və Məcnunu adlandırardım…

Nərminə xanım ixtisasca dizaynerdir. Dizayn şirkətində çalışır. Bütün varlığı ilə Azərbaycana bağlıdır. Kaliforniyada azərbaycanlıların elə bir tədbiri olmayıb ki, orada Nərminə xanımın əməyi olmasın. Həm tədbirlərin dizayn, tərtibat məsələlərində və həm də maliyyə dəstəyində. Atası Namiq İsmayılov uzun illər neft sənayesində mühəndis kimi çalışıb…


…Bu ailədə iki oğlan böyüyür. Nazimin 16, Mikayılın isə 9 yaşı var. Hər ikisi azərbaycan dilini gözəl bilir. Azərbaycanlı olduqlarından qürur duyurlar…

Nərminə xanım özünə milli paltar tikib, Novruz tədbirlərində onu geyinərək amerikalılara nümayiş etdirir. Azərbaycanın nə qədər qədim ənənəyə malik olduğunu amerikalılara çatdırmağa çalışır…

Deyir ki,- “Baxmayaraq 11 ildir buradayıq, Azərbaycanla nəfəs alıram. Hər gün, yuxudan duran kimi Azərbaycan xəbər saytlarına baxıb, ölkəmizdə baş verən hadisələrlə maraqlanıram. Vətənimin ağrı-acısı, sevinci də mənimdir”…

…Nərminə xanım nə qədər gülərüz, şən olsa da, Emil bəy bir o qədər ciddi, təvəzökardır. Amma hər ikisi də çox mehriban insanlardır. Onlarla ünsiyyətdə olarkən adam uzaq Amerikada olduğunu unudur, elə bil ki, elə doğma Azərbaycandasan…

Bu ailənin arzuları çoxdur. Övladlara yüksək təhsil vermək, əsl azərbaycanlı kimi böyütmək onların ən böyük istəkləridir…

Bəli, zəif ailə inistitutu olan Amerikada Azərbaycan ailəsinə xas olan sevgini, vəhdəti yaşadan bu cütlüyə Allah həmişə dayaq olsun!..


Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

2018-ci ildə Çin əhalisinin sayı 5,3 milyon nəfər artaraq, 1,395 milyarda çatıb.

Bu barədə Çinin Dövlət Statistika Bürosu məlumat yayıb.

Bildirilir ki, 2017-ci ildə artım 7,37 mln. nəfər təşkil edib.

Bununla yanaşı, Çində şəhər əhalisinin sayı il ərzində 17,9 mln. nəfər artaraq, 831,37 mln. nəfərə bərabər olub.

1990-cı ildə Bakıda 20 Yanvar və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Sovet rəhbərliyinin himayədarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, Azərbaycan xalqına qarşı soyqırımı və azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir.

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 27 il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaqdır. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Sovet ordusunun böyük heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. SSRİ 1956-cı ildə Çexoslovakiyaya, 1968-ci ildə Macarıstana və 1979-cu ildə Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni hətta o zamankı Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi.

Ermənistanın Azərbaycana təcavüzü və 20 Yanvar faciəsinə aparan yol

Heç şübhəsiz ki, 1990-cı il yanvarın 20-də Bakıda baş verən hadisələri Qarabağdakı erməni təcavüzündən ayrıca təhlil etmək düzgün olmazdı. Hər dəfə Qarabağa dair ərazi iddiaları kənardan, məhz, Ermənistanın təbliği, təhriki və təzyiqi ilə ortaya atılırdı. Heç şübhəsiz, ermənilərin bu ərazi iddiaları birdən-birə deyil, Yerevanda, Moskvada və Qərbdə olan himayədarları tərəfindən hələ xeyli əvvəl diqqətlə və hərtərəfli plan əsasında hazırlanmışdı. Sovet dövründə mərkəzi hakimiyyət orqanlarının himayədarlığı ilə Azərbaycan əleyhinə məqsədyönlü şəkildə təbliğat kampaniyası aparılmış və nəticədə, mənfi ictimai fikir formalaşdırılmışdı. Erməni ideoloqları və onların ilhamvericiləri Azərbaycanın tarixi, sosial-iqtisadi inkişafı haqqında faktları açıq-aşkar saxtalaşdıraraq bütün ittifaq miqyasında yaymışdılar.

Ümummilli lider Heydər Əliyev Sov.İKP plenumunda vəzifəsindən istefa verdikdən bir neçə gün sonra ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməkliyi ilə “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün aşkarlıq və demokratiyadan istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdülər. Ermənilərin Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi uğrunda iki komitəsi – Yerevanda “Qarabağ” komitəsi və onun Dağlıq Qarabağda uzun müddət gizli fəaliyyət göstərən yerli təşkilatı olan “Krunk” açıq fəal mübarizəyə başlamış, separatçılıq hərəkatı genişlənmişdi. 1988-ci il hadisələri başlayanda ilk vaxtlar vəziyyəti son dərəcə gərginləşdirməyə, ictimai rəyi öz tərəflərinə çəkməyə çalışan erməni siyasətçiləri və onların mərkəzi ittifaqdakı himayədarları tərəfindən vilayətin iqtisadi geriliyi pərdəsi altında Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün uzun müddətdən bəri hazırlanmış plan üzrə Xankəndidə və Yerevanda davamlı tətillər keçirilərək, müəssisələr dayandırılır və kütləvi mitinqlər təşkil edilirdi. Lakin baş verən sonrakı hadisələr DQMV-nin sosial-iqtisadi geriliyi barədə erməni siyasətçiləri və onların mərkəzdəki himayədarlarının irəli sürdükləri bu saxta tezisin yalnız bəhanə, əsas məqsədin isə Ermənistanın Azərbaycana qarşı ərazi iddiasında olduğunu göstərdi.

1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti Azərbaycanın suverenliyini kobud surətdə pozaraq, DQMV-nin Ermənistan SSR-ə birləşdirilməsi haqqında Konstitusiyaya zidd qərar qəbul etdi. 42 gün ərzində DQMV-nin müəssisələri Ermənistanın müvafiq nazirlik və idarələrinin tabeliyinə verildi. Birbaşa mərkəzin fəaliyyətsizliyi, bəzən isə açıq himayədarlığı sayəsində DQMV iqtisadiyyatının və digər sahələrinin faktiki olaraq Azərbaycandan ayrılması və Ermənistana istiqamətləndirilməsi baş verdi. Bütün rayon partiya komitələri Ermənistan KP-nin tərkibinə daxil oldu. Azərbaycanın bütün dövlət atributları (bayrağı, gerbi, himni və s.) dəyişdirildi və DQMV ərazisində Ermənistanın bayrağı və gerbi asıldı. Bununla da, Ermənistan beynəlxalq hüququn əsas norma və prinsiplərini pozaraq Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialarını rəsmən elan etdi.

Nəticədə, sovet rəhbərliyinin çox ciddi və bağışlanılmaz səhvləri və ermənipərəst siyasəti 1988-ci ilin sonu-1989-cu ilin əvvəllərində vəziyyətin getdikcə kəskinləşməsinə gətirib çıxardı, DQMV və Azərbaycanın Ermənistanla həmsərhəd bölgələrində erməni təcavüzü daha geniş miqyas aldı. Bu illərdə törədilən terror aktları nəticəsində yüzlərlə azərbaycanlının həyatına son qoyuldu. Minlərlə azərbaycanlı SSRİ-nin hakim dairələri tərəfindən himayə edilən ermənilərin işğalçılıq siyasətinin qurbanı oldu. Bu dövrdə Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərə Azərbaycandan ayrılaraq Ermənistanla birləşməyin zəruriliyinə nail olmaq ideyasını süni surətdə qəbul etdirən təcavüzkar dövlət buna nail olmaq üçün Dağlıq Qarabağdan azərbaycanlıları soyqırımına və təcavüzə məruz qoyub didərgin salmış, eləcə də Ermənistandan azərbaycanlıların tarixən yaşadığı torpaqlardan zorakılıqla deportasiya etmişdir.

Beləliklə, Ermənistan rəhbərliyi və erməni millətçiləri mərkəzin bəzi dairələrinin köməkliyi ilə vilayətdə əsl mənada Dağlıq Qarabağın iqtisadi, ictimai-siyasi və mədəni cəhətdən mənimsənilməsi prosesi aparırdılar. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görməmiş, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan xüsusi təlim keçmiş erməni əsgər və zabitləri, eləcə də sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi.

Ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlıq siyasəti və keçmiş SSRİ rəhbərliyinin onlara himayədarlığına öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun xüsusi təlim keçmiş hissələrindən istifadə olunması 1990-cı ilin 20 Yanvarında qanlı faciəyə gətirib çıxardı. 1990-cı il yanvarın 15-də SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sədri M.Qorbaçov “DQMV və bəzi başqa rayonlarda fövqəladə vəziyyət elan edilməsi haqqında” fərman imzaladı. Azərbaycan SSR Ali Sovetinə təklif edildi ki, Bakı və Gəncə şəhərlərində və başqa yaşayış məntəqələrində qadağan saatlarının tətbiq edilməsi də daxil olmaqla, lazımi tədbirlər görülsün.

Bununla yanaşı, Ermənistanın ərazi iddiası obyekti olan Dağlıq Qarabağ bölgəsinə nəinki aidiyyəti olmayan və onun hüdudlarından kənarda yerləşən bir sıra ərazilərimiz Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Bu genişmiqyaslı hərbi təcavüz münaqişəni mahiyyətcə yeni – işğalçılıq səviyyəsinə keçirdi. Hazırda təkcə Yuxarı Qarabağın deyil, eləcə də digər ərazilərimizin işğal altında olması Ermənistanın Azərbaycana qarşı dövlət səviyyəsində ərazi iddiasında olduğunu təsdiq edir. Belə ki, yanvarın 15-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Kərki kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. 1920-ci illərdə Naxçıvan ərazisinin bir hissəsinin Ermənistana verilməsi nəticəsində Kərki kəndi Ermənistan ərazisində anklav vəziyyətində qalmışdı. Kərki kəndinin işğal olunmasında Ermənistan ərazisindəki dislokasiya olunmuş SSRİ Müdafiə Nazirliyi 7-ci ordusunun hərbçiləri də yaxından iştirak etmişdilər. Kərki kəndi hal-hazırda işğal altındadır. Ayın 19-da Naxçıvan MSSR Ali Soveti Muxtar Respublikanın SSRİ-nin tərkibindən çıxması haqqında qərar qəbul etdi.

1990-cı ilin yanvar ayında M.Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda vəziyyətin öz məcrasından çıxdığını və hakimiyyətin təhlükədə olduğunu bəhanə edərək qoşunun yeridilməsi üçün müxtəlif dezinformasiyalar yayırdı. Guya Bakıya qoşun hərbi qulluqçuların ailələrini qorumaq, hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu, tamamilə saxta bir tezis idi. Çünki sovet rəhbərliyinin “dəlilləri” hətta həqiqətə yaxın olsaydı belə, Bakıya xüsusi təlim keçmiş qoşun göndərməyə ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burada daxili qoşunların 11 min 500 əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri, eləcə də 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi.

Bütün bunlara baxmayaraq, 1990-cı il yanvarın 19-da M.Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Lakin əhalinin bundan məlumatsız qalması üçün SSRİ DTK-nın “Alfa” qrupu tərəfindən yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji bloku partladıldı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və dinc əhaliyə amansız divan tutuldu.

M.Qorbaçovun fərmanı qüvvəyə minənədək – yanvarın 20-də saat 00:00-dək artıq 9 nəfər öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərə çatmışdı. Belə ki, artıq yanvarın 20-də 131 insan öldürülmüş: onlardan 117-si azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü tatar; 744 adam ağır xəsarət almış; 4 şəxs itkin düşmüş; 400 nəfər isə həbs edilmişdi. Sovet qoşunları fövqəladə vəziyyət elan olunmayan rayonlara – yanvarın 25-də Neftçalaya, bir gün sonra isə Lənkərana yeridilmiş, nəticədə hər iki rayonda dinc insanlar qətlə yetirilmişlər. Beləliklə, sovet qoşunlarının Bakıya və Azərbaycanın digər rayonlarına hərbi müdaxiləsi nəticəsində öldürülən insanların sayı rəsmi olaraq 147-yə çatmışdı.

“Şit” təşkilatı ekspertlərinin hesabatından:

• adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişlər. Məsələn, Y.Meyeroviçə 21, D.Xanməmmədova 10-dan çox, R.Rüstəmova 23 güllə vurulmuşdur;

• xəstəxanalar, təcili yardım maşınları atəşə tutulmuş, həkimlər öldürülmüşdür;

• adamlar süngü-bıçaqla qətlə yetirilmişdir. Onların arasında hər iki gözü tutulmuş B.Yefimtsev də var;

• “Kalaşnikov” avtomatının ağırlıq mərkəzi dəyişən 5,45 çaplı güllələrindən istifadə edilmişdir.

1948-ci ilin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, 1966-cı ilin Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktı, 1966-cı ilin İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Paktı və 1975-ci ilin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) Helsinki Yekun Aktı, ATƏM-in 1989-cu il Vyana görüşünün son qərarı (Fövqəladə vəziyyətdə və hərbi münaqişələr zamanı qadın və uşaq hüquqlarının müdafiəsi Bəyannaməsi), hərbi əməliyyatların aparılmasını tənzimləyən qüvvədə olan müqavilələr, əsasən də 1980-ci ilin döyüş zamanı yüngül fırlanan və yayılan güllələrin istifadə edilməməsi Bəyannaməsi (1967-ci ildə quru döyüşünün qayda və qanunları barədə IV Haaqa Müqaviləsi) də buraya daxil olmaqla qüvvədə olan bütün insan hüquqlarına əsaslanan beynəlxalq müqavilələr kobudcasına pozulmuşdur.

Hadisəyə dünyanın reaksiyası

Yanvarın 20-də artıq bütün dünya Bakıda törədilmiş dəhşətli qırğından xəbər tutdu. Artıq sovet qoşunlarının Bakıya hərbi müdaxiləsi dünyanın bir sıra ölkələrində etirazla qarşılanmışdır. Belə ki, Bakıda törədilən cinayətlər qonşu və qardaş Türkiyədə sərt reaksiyalara səbəb olmuş, ölkənin hər yerində mitinq və nümayişlər keçirilmişdir. Ankara, İstanbul, Qars, İzmir, Kayseri və başqa şəhərlərdə keçirilən mitinq və nümayişlərdə sovet rəhbərliyinin törətdiyi bu cinayəti müdafiə edən Amerika Birləşmiş Ştatları pislənmişdir. Eyni zamanda, Türkiyənin rəsmi şəxsləri, Türkiyə hökuməti Bakıda törədilən hadisəni tənqid etməklə yanaşı, Azərbaycana yardım göstərilməsi təklifi ilə də çıxış etmişlər.

İranın milli təhlükəsizlik şurası yığıncaq keçirmiş və bu barədə bəyanat qəbul etmişdir. İran parlamentinin 160-dan çox üzvü M.Qorbaçovun Azərbaycana silahlı təcavüzünü pisləmişdir. İran Prezidenti Haşimi Rəfsəncani və İranın dini lideri Əli Xameneyi M.Qorbaçovun atdığı bu addımı kəskin tənqid etmişlər. Bununla yanaşı, Türkiyə və İranın kütləvi informasiya vasitələri sovet qoşunlarının Bakıda törətdiyi qanlı hadisəni kəskin tənqid etmiş və bunu qırğın adlandırmışdır.

Qərb ölkələrinin mövqeyinə gəldikdə, Sovet İttifaqının Azərbaycana hərbi müdaxiləsinə müxtəlif reaksiyalar vermişlər. Bu reaksiyalar ümumilikdə müsbət olsa da, ancaq obyektiv reallığı əks etdirmirdi. Məsələn, ABŞ hökuməti bu hərbi müdaxiləni anlayışla qarşıladığını bildirmişdir. Avropa İttifaqınin rəsmi nümayəndəsi Qeor isə demişdir ki, qan axıdılmadan yenidənqurma tətbiq edilə bilməz. Avropanın müxtəlif yerlərindən gələn fikirlər isə qərbin mövqeyini izah etmək baxımından maraqlıdır. Məsələn, “Ştern” məcmuəsi və “Tribuna lyudu” qəzeti bu hadisələri qeyri-obyektiv işıqlandıraraq, qüvvədən istifadə olunmasının zəruri olduğunu bildirmişdir.

Nəticədə, Bakıda baş verən hadisələr dünya ictimaiyyətinə yanlış izah edilirdi. Bundan əlavə “Los-Anceles Tayms”, “Vaşinqton Post”, “Krisçen Sayens Monitor”, “Nyu-york Tayms”, “Baltimor San” mətbu orqanlarında, eləcə də bir sıra xarici radiostansiyaların məlumatlarında Bakıda baş verən hadisələrə, xüsusilə, sovet ordusunun hərbi müdaxiləsinə haqq qazandırılmasa da, çox vaxt bu qanlı cinayətə laqeyd münasibət özünü göstərirdi.

Sovet rəhbərləri ordunun Bakıya göndərilməsi qərarını müxtəlif cür izah edirdilər. Keçmiş SSRİ-nin xarici işlər naziri Eduard Şevardnadze ordunun müdaxiləsini yalnız qan tökülməsinin qarşısını almaq üçün göndərildiyini bildirmişdir. Sovet xarici işlər nazirinin bu bəyanatı müdafiə naziri Yazovun bəyanatı ilə ziddiyyət təşkil edirdi. Müdafiə naziri öz bəyanatında Bakıda hakimiyyətin ələ keçirilməsinin qarşısını almaq üçün hərbi hissələrin göndərildiyini bildirmişdir.

Faciədən bir neçə il sonra, yəni 1994-cü ilin yanvarında bu qanlı cinayətin başında duran SSRİ müdafiə naziri marşal Yazov DFVK işi üzrə prosesdə ifadə verərkən bildirmişdi: “1990-cı il yanvarın 19-da Qorbaçov məni, Bakatini və Kryuçkovu yanına çağırıb Bakıda fövqəladə vəziyyət tətbiq etmək əmrini verdi. Mən heç bir yazılı qərar, heç bir fərman görməmişəm”. Daxili işlər naziri Bakatin isə, yanvarın 21-də Azərbaycan daxili işlər nazirliyində keçirdiyi görüşdə bəyan etmişdir ki, “əgər siz (Azərbaycan xalqı nəzərdə tutulur – E.Ə.) sovet hakimiyyətini istəməsəniz, sizinlə uzunmüddətli müharibə olacaq”.

1990-cı ildə Bakıda baş verən qırğına şəxsən qol çəkmiş M.Qorbaçov həmin il Beynəlxalq Nobel Sülh mükafatına layiq görüldü. 1995-ci ilin aprelin 27-də Türkiyədə səfərdə olan keçmiş SSRİ prezidenti Mixail Qorbaçov İstanbulun Çırağan sarayında onun şərəfinə verilən ziyafətdə çıxış edərkən öz siyasi bioqrafiyasının bəzi məqamlarına toxunmuş və 1990-cı il 20 Yanvar hadisələrindən danışarkən öz günahını acizanə şəkildə etiraf edərək bildirmişdi: “Bakıda fövqəladə vəziyyət elan etmək və oraya qoşun göndərmək mənim siyasi həyatımın ən böyük səhvi idi”.

Qanlı 20 Yanvar Sovet İttifaqının Azərbaycandakı idarəçiliyinin sonu olub. Azərbaycan 18 oktyabr 1991-ci ildə öz müstəqilliyini bərpa edib. Hər il yanvarın 19-20-də Azərbaycan vətəndaşları vətəni uğrunda dəyərli canlarından keçən həmyerlilərini xatırlayırlar. Dünyada hər bir azərbaycanlının “Qanlı Yanvar” faciəsini xatırlaması və həmin gün canlarından keçənlərin xatirəsini yad etməsi vacibdir.

Qanlı 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi

O zaman yalnız ümummilli lider Heydər Əliyev bütün çətinliklərə baxmayaraq 1990-cı il yanvarın 21-də siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etmişdir. 1993-cü ilin ikinci yarısında ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı. Bundan sonra, 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 5 yanvar tarixli Fərmanında deyilir: “Xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir”. Fərmanda Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin verilməsi, bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması tövsiyə edilirdi. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da qəbul edilən qərarda, nəhayət ki, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.

1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmışdır.

Elçin Əhmədov

“Azərbaycan Respublikası Dağlıq Qarabağ

Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri,

Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi elmlər doktoru

Hindistanın Uttar Pradeş əyalətində maraqlı və bir o qədər ürəkdağlayan hadisənin üstü açılıb.

16-18 yaşlı Neha və Cyoti adlı 2 bacının bərbər ataları xəstələnib. Bacılar ailənin tək çörək ağacı olan bərbərxananı işlətmək üçün 4 il boyunca kişi qiyafəsinə giriblər.

Onlar qorxublar ki, həmin bölgədə yaşayan kişilər qarşı cinsdən olan birinə saç və saqqallarını kəsdirməz. Buna görə də ataları xəstələnəndən bir müddət sonra görünüşlərini dəyişdirib işləməyə başlayıblar. Bacılar adlarını da dəyişdirərək Deepak və Raju qoyublar.

Kənddən olan bir neçə kişi onları sonradan tanısa da, başqa kənddən gələn müştərilər heç nədən şübhələnməyiblər. Bacılar günorta məktəbdən gəldikdən sonra bərbərxananı açır və gündə təxminən, 400 rupi (6 dollar) qazanırlar.

Bacıların sirrinin üstü açıldıqdan sonra böyük bacı artıq saçlarını uzatmağa başlayıb. Onlar artıq heç bir şeydən qorxmadıqlarını dilə gətiriblər. Bacıların həyat hekayəsi yerli mediada işıqlandırıldıqdan sonra hökumət də hərəkətə keçib və onlara pul mükafatı verib.

Uşaqların atası Dhruv Narayan isə onların işləmək məcburiyyətində qaldığından kədərləndiyini, amma qızları ilə qürur duyduğunu deyib.

 

 

Şənbə, 19 Yanvar 2019 12:26

Gəlin öz toyunda güllələndi…

Yazan

Hindistanın paytaxtı Dehlidə gəlin öz toyunda güllə yarası alıb.

Gəlinlə bəy minbərə yaxınlaşarkən qonaqlardan biri havaya atəş açmaq istəyib. Ancaq güllə gəlinin ayağına dəyib.

Onu xəstəxanaya çatdırıblar. İnsidentə görə toyu təxirə salmaq istəsələr də, gəlin buna razı olmayıb və nikah xəstəxanada bağlanıb.