SİYASƏT

Hər şey ondan başlayıb ki, keçən ilin noyabr ayına təsadüf edən günlərin bir günündə Lənkəran şəhər 5 saylı körpələr evi - uşaq bağçasının tərbiyəçisi Mirzəyeva Nuridə Arif qızı uşaqlara yedizdirilən xörəkdə bit aşkarlayıb. Neft və milyonlar səltənəti olan, dünyanın ən ləziz mətbəxinə malik Azərbaycanın gələcəyi olacaq körpə fidanlara bunu rəva görməyən Nuridə müəllimə iradını bildirmək üçün aşpazın yanına üz tutub. Aşpaz isə öz üstünə heç bir suç götürməyib: "Mənə nə verirlər, onu da bişirirəm".

Sonrakı günlərdə bu biabırçılığın təkrarlandığını görən müəllimə dözməyib, bu dəfə bağça müdirəsinin kabinetinə girib, hal-qəziyəni danışıb. Elə bilib ki, müdirə onun bu hərəkətini alqışlayacaq, vəziyyəti dərhal nəzarətə götürəcəyini, tezliklə hər şeyi qaydaya salacağını, xörəklərin hazırlandığı qidanın keyfiyyətini Nazirlər Kabinetinin müəyyən etdiyi normativlər səviyyəsinə qaldıracağını vəd edəcək. Üstəlik, bərk-bərk tapşıracaq ki, bu barədə bir də başqa yerdə danışmasın, necə deyərlər, "bir daş altda, bir daş üstdə".

Lakin gözlədiyinin əksinə olaraq, müdirə Aybəniz Hüseynova əsəbləşərək aqressiv surətdə onun üstünə çəmkirib, bu sayaq məsələlərə baş qoşduğuna görə danlayıb. Təbii ki, belə münasibət gözləməyən Nuridə xanım mübahisə etməyə başlayıb. Epilepsiya xəstəsi olan 65 yaşlı bağça müdirəsi isə yalan-gerçək özünü vurub nasazlığa, yalan-gerçək ürəyi də gedib, yalan-gerçək üstünə təcili tibbi yardım maşını da çağırılıb. Onsuz da yaxşı olmayan, əmək fəaliyyəti ilə məşğul olmasına əl verməyən səhhətinin qəfil pisləşməsini də yıxıb Nuridə müəllimənin üzərinə.

Nuridə müəlliməyə işdən çıxarılma xəbərini Aybəniz Hüseynova ilə mübahisəli söhbətindən 2 saat sonra məktəbə gələn Lənkəran İcra Hakimiyyətinin Günəş adlı xanım əməkdaşı bildirmişdir. Günəş xanım Nuridə müəlliməyə uşaqlara verilən xörəklərin keyfiyyəti məsələsinə qarışmaq hüququnun olmadığını xatırlatmışdır. Nəhayətdə o, - bağçanın ən intizamlı, davamiyyətli əməkdaşlarından biri intizamsızlıqda tənbeh edilərək, Əmək Məcəlləsinin xoşagəlməz maddəsi ilə dekabrın 5-də vəzifədən qovulub. Həm də tək o yox. Nuridə müəllimənin haqq işinin müdafiəsinə qalxan Almaz adlı xanım həmkarı da güdaza gedib, işdən kənarlaşdırılıb.

Hərçənd, kollektivin digər üzvlərinin gözü qorxub, yaxşı halda susmağa, pis halda müdirlə bir yerdə "qatıq qaradır" deməyə məcbur olublar. Bağçada işlədiyi 2014-cü ildən bu yana yaxşı tanıdıqları Nuridə müəlliməyə qarşı haqsızlığa etiraz edən valideynlər də müxtəlif təzyiqlərə məruz qalırlar. Onları etirazlarını bildirmək üçün üz tutduqları İcra Hakimiyyətinin inzibati binasına buraxmayıblar. Valideynlərin Nuridə müəlliməyə dəstək niyyətilə yuxarı instansiyalara göndərdikləri məktublara da həssas yanaşılmayıb.

Uşaqlara bit yedizdirilməsinə dözməyən, özünün qarşılaşdığı ədalətsizliyi həzm edə bilməyən Nuridə müəllimə Lənkəran İcra Hakimiyyəti başçısının müavini Rasilə xanımın qəbuluna düşüb. Bütün baş verənləri ona danışıb. İxtisasca ədəbiyyat müəllimi olan Rasilə xanım əvvəlcə onu ədəb-ərkanla qarşılayıb, lakin danışdıqlarını dinlədikcə onun da halı dəyişib, Aybənizə qahmar çıxıb. Nəyin müqabilində? - bilinmir!

Şikayətçi həmçinin bildirmişdir ki, bağçada hər uşağın qəbuluna görə valideyni bağça müdirəsinə 100 manat rüşvət verməlidir, daha sonra davamlı olaraq aylıq 20 manat haqq ödəməlidir.  

Nuridə müəlliməni təəccübləndirən məqamlardan biri də budur ki, Aybəniz və rəfiqəsi Rasilə kimi məmurlar dövlətin büdcəsindən uşaqlara verilən  ərzağı, müəllimə, tərbiyəçiyə verilən halal məvacibi sanki öz ciblərindən çıxırmış kimi təqdim edir, bundan ötrü "xüsusi minnətdarlıq" umurlar.

Artıq bu çəkişmə məhkəmə müstəvisinə də çıxıb. Həm birinci instansiya, həm də apellyasiya məhkəməsi nahaqqın nəfinə qərar çıxarıblar. Qabaqcadan mətni, məzmunu hazır edilərək masaya yatırılan qərarları üzünə oxuyan hakimlər böyük minnətlə Nuridə müəlliməyə "faydalı məsləhət" görüblər ki, o, yaxşı olar Ali Məhkəməyə müraciət etsin. Qəribədir ki, Nuridə müəllimənin yuxarı instansiyalara ünvanladığı şikayətnamələr araşdırılması üçün "aidiyyəti üzrə" məhz barəsində şikayət etdiyi şəxslərə (Lənkəran İcra Hakimiyyətinə) göndərilir. Bu isə "Vətəndaşların müraciətlərinə baxılması haqqında" Azərbaycan Respublikası Qanununa ziddir.

Nüşabə Əhməd /Pressinfo.az

 

      Bakının Nizami rayonunda yerləşən 7 saylı Doğum evinə son 10 ildə 130. 000- dən artıq qadın müraciət edib. Verilən məlumata görə, onlardan 117. 315 nəfəri doğumla nəticələnib və 117. 325 körpə dünyaya gəlib.

      Doğum evində müalicə və müayinə Ümumdünya Səhiyyə Təşkilatının tibbi protokollarına əsaslanaraq həyata keçirilir. 7 saylı Doğum evində analara tibbi xidmət yüksək səviyyədədir. Aşağıda adları qeyd olunanlar, Doğum evindəki tibbi xidmətdən razı qaldıqlarını qeyd edir, baş həkim Leyla Seyidbəyovaya və həkimlərə minnətdarlıqlarını bildirirlər.

      08.06. 2019-cu il tarixində övladı dünyaya gələn Bakı şəhəri, Hövsan qəsəbə sakini Hüseynova Aygün Aydın qızı və qaynanası Mirvari xanım Xəlilova, dəyərli müalicə və müayinələr üçün həkimi, şöbə müdiri Xatirə Murtuzayevaya, mama -qinekoloq Billurə Eyvazovaya xüsusi minnətdarlıq edirlər. Bu Doğum Evində övladı dünyaya gələn, əməliyyat olunan və müalicə alan, Masallı rayon Ərkivan qəsəbə sakini Sevinc Ağayeva 02. IV. 2019-cu ildə azad olub.

      Goranboy qəsəbə sakini Ağabacı Məmmədova 26.03.2019-cu ildə doğum edib. Bakı şəhər sakini İsmayılova Nigar Naim qızı 26.01. 2019-cu ildə əməliyyat olunub. Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi 59, ənm. 44-də yaşayan Tağıyeva Arzu Şahin qızı 13.10.2019-cu ildə azad olub. Bakı şəh, Abşeron rayonu Məhəmmədi kənd sakini Hacıyeva Tahirə Əli qızının gəlini Hüseynova N.N. 31.08.2018-ci ildə azad olub.

      Bakı şəhəri, Zığ qəsəbə sakini, Allahverdiyev küç-də yaşayan İsmayılova Aypara xanımın gəlini də bu Doğum evində azad olub. Bakı şəhəri, 4-cü Yasamal rayon sakini, Qəniyeva Rəksanə Elşən qızı ağır xəstə olub.

      05. IV. 2018-ci ildə doğum edən, Bakı şəhər sakini Səadət Hüseynova və digər xanımlar da bir daha bu minnətdarlığa qoşulurlar.

      Əlləriniz var olsun, əziz həkimlərimiz!

 

       Mirvari Xəlilzadə //Pressinfo.az

   

 

       Ölkəmizdə hər il Beynəlxalq Uşaqlar Günü xüsusi olaraq qeyd olunur. Həmin gün bütün uşaq müəssisələri dövlətin qaygı və diqqəti ilə məxsusi əhatə olunur. Digər qurum və təşkilatlar da, hərə öz dəsti - xətti ilə uşaqlar üçün vaxt ayırır, onlara sevinc dolu anlar yaşatmaga çalışırlar.Axı, uşaqların həyatında məhz həmin anlar daha dərin iz buraxır, yaddaşlarına həmişəlik həkk olunur. Uşaqların inkişafı üçün onlara stimul verən tədbirlərin keşirilməsi onların həyatında mühüm əhəmiyyət kəsb edir, onların daha da yaxşı oxumaları və fəal olmaları üçün təkan olur. Təcrübəli insanlar çox dogru olaraq qeyd edirlər ki, uşaqlar yeməkdən - içməkdən daha çox sevinmək, əylənmək, hədiyyələr almaq - bir sözlə sevincli anlar yaşamaqla böyüyüb boy atırlar.

       Sözügedən tədbirlərdən biri də iyunun 3 - də " Baby fune" Uşaq Əyləncə Mərkəzində " Zəngəzur" müstəqil informasiya agentliyinin və " Qalib mənəm" layihəsinin rəhbəri Cəmilə Vasifqızının təşkilatçılıgı ilə düzənlənmişdi.
Artıq 2 ildir ki, " Qalib mənəm" layihəsi start götürüb, respublikamızın hər yeringən istedadlı uşaqların seçilib üzə çıxarılmasına xidmət edir. Alqışlanası haldır ki, seçilən uşaqlara bacarıqlarına rəgmən dəstək olmaga çalışan "Qalib mənəm" layihəsi gələcək davamiyyətlərində də onların dəstəkçisinə çevrilir. Cəmilə Vasifqızı tək müsabiqələr keçirilən zaman deyil, digər əlamətdar günlərdə də ürəkdən baglı oldugu uşaqlara həsr olunmuş tədbirlər təşkil edir, onların istedadlarının üzə çıxmasına, bacarıqlarının daha da şaxələnməsinə təkan verir. Elə sözügedən bu tədbir kimi...

       Tədbirə 33 saylı Agdam köçkün məktəbindən, Xətai rayonunda yerləşən 221 saylı məktəbdən, Sabunçu rayon 109 saylı uşaq baxçasından, həmçinin 191 və 23 saylı məktəblərdən uşaqlar qatılmışdı.
Tədbirdə " Xocalı soyqırımını tanıtma" ictimai birliyinin sədri Şamil Sabiroglu və birliyin digər üzvləri, "Havalar Travel" şirkətlər qrupunun rəhbəri Qəzənfər Aloyev, " Mədinəm" qrupunun rəhbəri gənc bəstəkar - mügənni Günay Quliyeva, gənc rəssam Nihad Əliyev, istedadlı aktyor Ceyhun Sadıqov, təşkilati işlərdə Cəmilə Vasifqızına hər zaman dəstək olan Elnarə Əliyeva, "Qalib mənəm" layihəsindən seçilmiş gənc istedadlar Nurlan Göranboylu, Sərxan Əliyev, Şamo Babayev və çoxlu sayda digər qonaqlar iştirak edirdilər.

     Tədbirin informasiya dəstəkçiləri "Zəngəzur" və "Pressinfo.az" müstəqil informasiya agentlikləri, "Atəş.tv" yutub kanalı idi.
Aparıcı elə Cəmilə Vasifqızının özü olan tədbir 3 saat boyunca davam etdi. Uşaqların biri-birindən maraqlı çıxışları qonaqlar və iştirakçılar tərəfindən rəğbətlə qarşılanırdı. Sürəkli alqışlar isə balaca istedadları daha da həvəsləndirirdi. Onların sevincinin həddi-hüdudu yox idi. Gənc istedadlar Nurlan Göranboylu, Sərxan Əliyev, Şamo Babayevin çıxışları, onların ifa etdiyi mahnılar tədbiri daha da rövnəqləndirdi.
Cəmilə Vasifqızı tədbirdə əməyi olan iştirakçılara diplomlar, uşaqlara isə kiçik hədiyyələr təqdim etdi.
Sonda xatirə şəkilləri çəkildi.

     Nüşabə Əhməd  

Bazar ertəsi, 27 May 2019 09:39

İDMAN MƏNİM HƏYATIMDIR

 Azərbaycanda yürüdülən gənclər siyasəti gənclərin, ələlxüsus da istedadlı gənclərin özlərini daha yaxşı ifadə etmək və karyera qurmaları üçün imkanlar təklif edir. Lakin bu imkanlardan bəhrələnmələri üçün gənclərin özlərində də necə deyərlər, təpər lazımdır. Təkcə gənclik enerjisi, istedad yetərli deyildir, səylə çalışmaq, axtarışa meyllilik, bacardıqlarını ortaya qoymaq məharəti, hüquq düşüncəsi, ünsiyyət qabiliyyəti, çətinliklərlə, bürokratik əngəllərlə rastlaşanda ruhdan düşməmək, inadla məqsədə doğru irəliləmək də böyük önəm daşıyır. Bu yetənəklərə malik olan gəncləri seçdirən əlamətlərdən biri və bəlkə də birincisi, onların daha çox böyüklərlə oturub-durmasının müşahidə edilməsidir. Haqqında söz açdığım Şəmsi Hüseynov kimi.

Azərbaycan idmançıları dünya və qitə miqyaslı yarışlarda uğurlu çıxışlarını davam etdirirlər. Belə nailiyyətlərdən biri may ayının əvvəlində Ukraynanın Xarkov şəhərində Dünya döyüş növləri üzrə keçirilən dünya çempionatında olub. Yarışda ölkəmizi Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, Beynəlxalq Kempo Karate və Kobudo Federasiyasının vitse-prezidenti, Azərbaycan Qocyu-Ryu Okinava Karate-Do və Kobudo-Kempo Növləri İdman Federasiyasının prezidenti, IX dan qara kəmər sahibi Tarverdi Allahverdiyevin rəhbərliyi altında federasiyanın 36 idmançıdan ibarət yığma komandası təmsil edib.

Çərşənbə, 15 May 2019 09:55

"Adeline Parfum"

Yazan

"Adeline Parfum" Azərbaycanda ilk və yeganə şirkətdir ki, İngiltərə istehsalı olan "london Perfume Factory" zavodunun xammalı ilə hazırlanmış təmiz ətirləri 30 ml - lik xüsusi unikal Adeline qablaşdırmalarında nagd və ya kreditlə satışını həyata keçirir. "Adeline Parfum" 900-ə qədər parfüm çeşidi ilə Azərbaycanda 2018 - ci ilin iyun ayından fəaliyyət göstərir. Siz bizim online butikimizdə arzu etdiyiniz  orijinal və qalıcılıq keyfiyyətinə malik olan parfümləri əldə edə bilərsiniz. Biz bir Azərbaycan gənci olaraq bu işə xüsusi həvəslə başladıq və ölkəmizdə parfüm sahəsində yenilik etmək qərarına gəldik. Hal - hazırda biz  keyfiyyətli məhsullarımızı müştərilərimizə tək şəxsiyyət vəsiqəsi və  hissə - hissə ödənişlə təklif edirik.

Hər bir şəxs bacaracagı bir işin xəyalını qurmalı və onu gerçəkləşdirə biləcəyinə inanmalıdır.  Və bunun üçün çalışmalıdır. Biz də bir xəyal qurduq və Azərbaycanda ilk olaraq kreditlə keyfiyyətli parfüm satışı işini həyata keçirdik.

"Adeline Parfum" olaraq bizim bir şüarımız var:

"Xüsusi ətrinizlə oldugunuz yerdə seviləcək, olmadıgınız yerdə xatırlanacaqsınız. Öz möhürünüzü Adeline ilə qoyun."

 

Bizimlə əlaqə:

tel.: +994 0552502034;

vp.:+994 0702502034

inst.:@adelineperfumes

Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) “Hüquqşünaslıq” ixtisası üzrə təhsil alan 4-cü kurs tələbələri Turan Abbasov, Murad Alızadə, Etibar Qarayev və Günel Məmmədzadə 31 mart - 6 aprel tarixlərində Vaşinqtonda Beynəlxalq Hüquq Tələbələri Assosiasiyası (ILSA) tərəfindən təşkil olunan dünyanın ən böyük məhkəmə müsabiqəsi “Philip C. Jessup” beynəlxalq məhkəmə müsabiqəsində Azərbaycanı təmsil ediblər.

“Mənim üçün çox əziz, dəyərli olan Azərbaycan xalqı, məni sevən, həm də sevməyən və bəlkə də qəzəbli olan hər kəsə dərin hörmət və sevgi ilə yazıram bu düşüncələrimi. Hər kəsin lənətlədiyi, lakin hər kəs tərəfindən də dayanmadan, bəh-bəhlə paylaşılan, bu videonu reytinq və izləyici toplamaq naminə guya qınamaq üçün tirajlayan “insanlar” və “xəbər saytlar”… Məlum “3 qız”  videosunun yayıldığı ilk gün mən də elə sizin kimi dost-tanışda gördüm. Hələ bu hadisənin kimlər tərəfindən və necə törədildiyi haqqında araşdırmalar başlamamışdı. Yəni bu video məsələsində mənim də qardaşımın adının hallanacağını heç təsəvvürümə belə gətirməyəcəyim bu hadisəyə reaksiyam sizin indiki reaksiyanız kimi oldu”.

Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) “Yurdumuza bahar gəlir” adlı bayram şənliyi təşkil olunub. Tədbirdə Akademiyanın rəisi Qulu Novruzov, akademiya kollektivi, tələbələr və Akademiyada təlim keçən gömrük xidməti əməkdaşları iştirak ediblər.

          Onlara hələ lap uşaq vaxtlarından sinif rəhbərləri Amalya müəllimə "xürrəmilər" deyib lövhəyə yaxın, ön partalarda əyləşdirmişdi. Öz müşahidələrində hansısa əlamət axtarıbmış, ya yox - indi bunu demək çətindir, axır ki, müəllimin bu diqqətcilliyi uşaqların aqibətini müəyyən etmiş, onların həm dərslərdə qazandıqları müvəffəqiyyətləri şərtləndirmiş, həm də öz aralarında dostluq münasibətlərinin təməlini qoymuşdu.

         Yeniyetməlik dövründə bu dostları artıq öz daxillərində kəşf etdikləri, amma mahiyyətini dərindən anlamadıqları xürrəmidin olmaq meyli aludə etməyə başladı. Hərçənd, qurduqları xəyallarda bundan da uzaq, cəmiyyətdə heç də məqbul sayılmayan hədəflərə qədər gedib çıxırdılar. Və bu əcaib-qəraib istəkləri özünü son vaxtlar, yəqin ki bioloji cəhətdən cinsi yetkinliyə çatmalarından dolayı daha dərindən hiss etdirirdi. Baharın gəlişi isə bu əsrarəngiz, fövqəltəbii saydıqları, onlara özlərini başqalarından  fərqli, yəni üstün hesab etmələrinə əsas verən duyğularını daha da gücləndirmişdi elə bil. Beşi də sözü bir yerə qoymuşdular ki, bu bayramın əvvəlkilərdən fərqlənməsi üçün əllərindən gələni edəcəklər...

         Cavidangilin ailəsi neçə ildi ki, şəhər ətrafındakı qəsəbədə, qəbristanlıqla qonşuluqda yerləşən böyük evlərini dəyərindən ucuz qiymətə kirayəyə verib özlərinə mikrorayonda başqa mənzil kirayələmişdilər. Cavidan bunu şəhər mərkəzinə, o cümlədən bacısının oxuduğu universitetə yaxın olmaq məqsədilə etdiklərini desə də, onları yaxından tanıyanlar başqa şey danışırdılar: Deyilənə görə, Cavidanın atası vaxtilə işlədiyi, sonradan fəaliyyəti dayandırılaraq özəlləşdirilən zavodun səhmlərinin xeyli hissəsini almış, daha sonra isə onları zavodun təsərrüfat vahidlərindən birinin mikrorayonda yerləşən istifadəsiz ərazisinə dəyişmişdi. Söz gəzirdi ki, həmin ərazi plana düşəcək və dövlət onun qanuni sahiblərinə kompensasiya ödəyəcək. Ailə də bu daşınmaz əmlakı nəzarətsiz buraxmaq istəmədiyindən, yaxınlıqda məskunlaşmağı məqsədəuyğun saymışdı. Daim gözdə-qulaqda idilər ki, birdən qaçqın və ya məcburi köçkünlər bu yeri zəbt eləmək istəsələr, hay-haray salıb mane olsunlar.     

         Tərxan çox ağıllı oğlandı, amma savad baxımından perspektivi böyük görünmürdü. Bəzi fənlərdən axsayırdı. Di gəl, valideynləri imkanlı olduqlarından, nəyin bahasına olursa-olsun, təhsilini davam etdirməsini istəyirdilər. Əlavə repetitor yanına getdiyindən, həftənin yarısını dərsdə olmurdu. Hamıya aydın idi ki, Tərxanın böyükləri məktəbin direktoru ilə anlaşıb onunçün dərs buraxmaq imtiyazı əldə ediblər. O, dostluq planlarının həyata keçirilməsi üçün cibindəkini son qəpiyə kimi xərcləməyə, qırmızı "07"-sini hara lazımsa sürməyə hazır idi. Bu isə, onun yaşda dostları üçün olduqca əhəmiyyətli şərtlərdəndi.

         Yüksək intellekti ilə seçilən Babək sinifkom idi. Lakin yeni tədris ilindən onun qayğıları çoxalmışdı: ali məktəbə hazırlaşanlar bəlli olandan sonra oxuduqları X"b" sinfi yenidən komplektləşdirilmişdi. Təzə qəbul olunmuş şagirdlərdən Aqşin "oğru dünyasının qanunlarına" rəğbət bəsləyirdi və tezliklə sinifdə mənfi liderə çevrildiyindən, Babəklə düşünüşmüşdü. Təminatlı ailədən olan təzə gələn şagirdin ətrafına yığaraq sinifdə qütbləşmə yaratdığı yaltaq uşaqlar onları bir-biriylə dalaşdırmaqdan ötrü dəridən-qabıqdan çıxırdılar. Öz qarşısına gələcəklə bağlı ciddi məqsədlər qoyan Babək qəti əmin idi ki, xürrəmi sərkərdəsinin adını heç də əbəs yerə daşımır və bu üzdən özünü rəqibindən müqayisəyəgəlməz dərəcədə güclü saysa da, əlavə problem istəmədiyindən, ağıryana davranış sərgiləyərək, onunla haqq-hesab çəkmək məsələsini hər dəfə qeyri-müəyyən vaxtadək təxirə salırdı. Aqşin də duyurdu ki, Babək uduzmağı bacaranlardan deyil və bu səbəbdən onun üstünə birbaşa getməyə cəsarət etmir, atdığı replikalarda müəyyən hədd gözləyirdi. Babəkin qulağına çatmışdı ki, dostu Cavidanı bir dəfə Aqşingillə çayxanada oturub söhbət edərkən görüblər. Səbəbini soruşduqda, Cavidan bir az duruxub: "Aqşin bizim Nərgizə söz atmışdı, başa saldım ki, o girən kol deyil, anqırıb tayını tapsın. Narahat olmağa dəyməz, Tərxana deyib söhbəti böyütmək lazım deyil, qızın adı dilə-dişə düşər" demişdi. Cavidanın, lap elə Nərgizin özünün də niyə bu söhbəti yaxın dostlarından gizlətdikləri barədə çox düşünüb fikirlərini bir yerə çıxara bilməyən Babəkin o vaxtdan ürəyində xal qalmışdı.

         Sinifdəki qızların çoxundan fərqli olaraq, Nərgiz oğlan görəndə əzilib-büzülən, gözə girməyə çalışan deyildi. Özünə güvənən, cəsarətliydi. Azəri qızlarda az rast gəlinən göy gözləri nə qədər gözəl olsa da, səmimiyyətinə şübhə yaradırdı. Hərdən adama elə gəlirdi ki, onun da təvazökarlığı, sadə görünmək cəhdləri saxtadır, dolayı yolla diqqət mərkəzində olmağa çalışır. Yəqin bu təəssürat göygözlər haqqında batil inancların doğurduğu önyarğı ilə bağlı idi.

         Pərvin ədəbiyyatı əla oxuyurdu. Bədii əsərlərdən o qədər insan xarakterlərini öyrənmişdi ki, sanardın onu heç nəylə təəccübləndirmək olmaz; özünü elə yaşından böyük aparırdı ki, sanki həyatda da rast gəlmədiyi bir şey qalmamışdı. Pərvinin bu xüsusiyyəti əks cinsi cəzb edir, qızları, hətta bəzən anası yerdə qadınları belə cırnadırdı. Ona söz atan yaşca böyük oğlanlardan da çəkinmirdi; bircə sərt baxışı, tutarlı sözü ilə hər kəsə öz yerini göstərə bilirdi.

         ...Bayram münasibətilə İçərişəhərdə düzənlənən, dövlət rəsmilərinin də qatıldıqları şənlik heç vaxt dostlara zövq verməmişdi. Novruz personajları - Keçəl, Kosa, Bahar Qız da əvvəlki illərdə olduqlarından daha bedtər maraqsız idilər. Səməni, yumurta döyüşü, telekanallarda təqdim olunan şit bayram proqramları, hər il təkrar-təkrar nümayiş etdirilən sovetdənqalma milli bədii filmlər hər zamankından da ziyadə cansıxıcı təsir bağışlayırdı. Olsa-olsa, "Dəli Kür" filmindəki Seyid Nigari məclisi onların marağını çəkirdi, vəssalam. Hərçənd, bu epizod barədə ədəbiyyat müəllimlərinə verdikləri suallara aldıqları cavab da onları qane etməmişdi... Hərilki kimi Suraxanıdakı Atəşgah məbədini ziyarət bu il cazibədar deyildi - uşaq əyləncəsi kimi gəlmişdi onlara...  Gənclərin çoxunun, hətta ahılların da xoşladıqları, iki gündü ki şəhərin qonağı olan türk pop-star Tarkanın konserti də ürəkaçan bir şey vəd etmirdi. Halbuki, başqa vaxt bu müğənninin sümük oynadan mahnılarını avtobusda-metroda qulaqcıqla elə həvəslə dinləyir, karaokedə dodaqları ilə elə zümzümə edirdilər ki. Əlbəttə, dostlarının zarafatla dedikləri "Tarkan adaşındı, səni eşidər, bəlkə bizimçün ondan bilet alasan?" - sözlərini yerə salmayıb xərcə düşən Tərxan onları məmnun etmək, dəli ehtiyaclarını ödəməkçün əlinin yetdiyi başqa vulqar əyləncə məclislərinə dəvət edə bilməzdi. Bəlkə də öz atasından, doğma anasından çəkinmədiyi qədər Nərgizdən ehtiyatlanırdı. Tərxana bu idbar intellektuallar dördlüyü ilə özünün cəmindən ibarət beşnəfərlik dostluq bürcündə saflığı, əxlaq normalarına sadiqliyi təmin etmək Nərgiz adlı parlaq ulduzunu qorumaqçün gərəkdi və həm də nə vaxtsa bu axmaq vərdişlərinin tərgidilməsi çətin olan sektadan sevdiyi qızla birgə salamat ayrılmaq fürsəti yarananadək lazım idi.

         Tarixlə, mifologiya ilə çox maraqlanan Babək bu ərəfələr  ölkəmizdə Novruzun rəsmiləşdirilməsi naminə böyük iş görmüş mərhum siyasi xadim Şıxəli Qurbanovun ölüm səbəbi barədə araşdırmalarla tanış olurdu. Babək atasından eşitdiklərinin izi ilə rəhmətlik Şıxəli müəllimin ağrıyan dişinə öldürücü iynəni vuran həkimin yazdığı "Sağalmaz yara" kitabını əldə edib onda nəsə qeyri-adi həqiqət axtarırmış kimi dönə-dönə, diqqətlə oxumuşdu. Pərvin isə yalan-gerçək deyirdi ki, İranda kafir elan olunaraq ölümünə fətva verilən, təqibdən  İngiltərəyə qaçan Salman Rüşdi məhz atəşpərəst alim olub və onun yazdığı "Şeytan ayələri" kitabında Novruza aid yetərincə işarələr var. Bu mövzu ətrafında Babəklə Pərvinin fikirləri çox vaxt üst-üstə düşsə də, hərdən də mübahisələri olurdu. Lakin bir-birlərinə bəslədikləri məhəbbət hissi bu mübahisələrin höcətləşməyə, umu-küsüyə aparıb çıxarmasına imkan vermirdi. Hətta onlar qədər mütaliəsi olmayan riyaziyyatçı Cavidan da bu qənaətdəydi ki, Novruz tonqallarında hər il mütləq surətdə neçə-neçə uşağın oda düşərək diri-diri yanması əsla bədbəxt təsadüflər deyildir və bunlar iblisanə zəruriyyətdən doğan qanunauyğunluqlardır. Söz vermişdi ki, həmin səbəb barədə vaxtilə nənəsinin dilindən eşitdiyi, doğruluğuna da qətiyyən şübhə etmədiyi qədim rəvayəti bir gün yoldaşlarına danışacaq.

         Əlahəzrət Təsadüf özünü lazımi vaxtda yetirdi. Cavidan dostlarına bildirdi ki, qəsəbədəki evləri boşalıb, yeni kirayənişin tapılanadək evin açarı dəllalda olacaq. Əgər bayram axşamını orada keçirmək istəsələr, təşkil edə bilər. Dostlar üçün bu təklif göydəndüşmə oldu. Qızlar da razılaşdılar. Biletləri göstərib evdəkiləri arxayın sala bilərdilər ki, sinif yoldaşları ilə birgə haqqında şəhərdə hamının danışdığı konsertə gedəcəklər. Axşam söz verdikləri vaxtda qayıdarlar, böyüklər də heç nə unamazlar.

         Belə də etdilər. Cavidan səhər açılan kimi lap ertədən qəsəbəyə gedib makler Kərəmi tapdı, açarı istədi. Məqsədini bildirəndə Kərəm ondan soruşdu: "Doğrudan sinif yoldaşlarındı? Atangilin bu işdən xəbəri var?" Cavidan ağızucu "hə" deyəndən sonra eyham vurdu ki, ona etibar edilmiş satlıq evlərdə eyş-işrət məclisləri qurmasından xəbəri var. Kərəm əvvəlcə tutuldu, lakin həmin dəqiqə cib telefonuna gələn zəngə: "Belə deyin dəə" cavabını verəndən sonra əhvalı duruldu, Cavidanla da çox çək-çevir eləmədi. Görünür, hansısa bir-birinə calaşdırdığı "yağlı" müştərilərinin sövdələri baş tutmuşdu.

         Açarı götürəndən sonra Cavidan dostlarına zəng vurub xəbər etdi ki, onları evdə gözləyəcək, özü isə hazırlıq işləriylə məşğul olmağa başladı.

         Dostlar yeyəcəkləri azuqəni və digər lazım ola biləcək şeyləri Tərxanın maşınına götürüb vədələşdikləri vaxt - axşamüstü saat 6-da Cavidangilə yetişdilər. Babək darvazanın ağzında onları salamlayan Cavidana: "Əsl bizə sərf eləyən yerdi, xortdanlar da qonağımız olacaq"- deyib başı ilə evin arxa tərəfindəki qəbirstanlığı göstərdi. Oğlanların bu sözə gülüşlə reaksiya verməsi ilk əvvəl qonşu evlərin də bir-birindən xeyli aralı olduğunu görüb vahiməyə düşən qızları ürəkləndirdi. Tərxan noutbuku açıb maşının kapotunun üstünə qoydu və hansısa dəhşət filmi üçün fon musiqisi kimi bəstələnmiş mistik kompozisiyanı səsləndirdi. Bir neçə dəqiqə ərzində onlar diqqət kəsilərək, özündə zəhlətökən qapı cırıltısı, canavar ulartısı, sıyrılan qılınc səsi, tükürpədici uşaq ağlartısı, cin hürküdən şamanın hayqırtısı kimi qorxu saçan elementləri və az qala bütün dinlərə uyğun gələn, ya da konkret heç bir dinə aid etmək mümkün olmayan dualardan qısa fraqmentləri birləşdirən bu məşum melodiyanı dinlədilər. Sonra Cavidan onları evin zirzəmisi ilə tanış olmağa dəvət etdi: "Buranın açarı həmişə məndə olub, kirayənişinlərə verməmişik. Padvalın işığına nə olubsa qırılıb, gərək  fanarla keçinək".

         Zirzəmidə rahat gəzmək üçün bir az əyilmək lazım idi. Əksər yeri inşaat materialları, alətlər, maşın və avadanlıqların ehtiyat hissələri tuturdu. Zirzəminin daha bir dəmir qapısı da evin arxa tərəfində yerləşirdi. Cavidan: "Bura isə mənim guşəmdir, siz tamaşa edin, mən də həyətdə tonqal qalayım"- deyib onları tərk elədi. Dostlar telefonlarının işığını Cavidan göstərən tərəfə tuşladılar və arzu etdikləri, təsəvvürlərində canlandırdıqlarından da ecazkar mənzərənin şahidi oldular: Xürrəmiliyin tavandan asılmış totem simvolları dır-deşikdən içəri dolan xəfif küləyin təsiriylə möhtəşəmcəsinə yellənir, qonaqlara sanki canlıymışlar kimi gah üzlərini göstərib göz bərəldir, gah da arxalarını çevirirdilər. Zirzəminin yeddi mişar daşı hündürlükdə olan divarı bu nahiyədə tünd qırmızı rəngdə idi. Kəskin, lax yumurta qoxusuna bənzər iy və saysız-hesabsız kiçik qurdların divara sarmaşması, həşəratların vızıltısı onu göstərirdi ki, daşlara boya deyil, məhz qan yaxılıb. Qızlar dəsmalları ilə burunlarını tutdular. Daşların arasına taxılmış insan kəllələrini görüb heyrətləndilər. Onların bəzilərinin üstündəki ət tam çürüməmiş, tükləri tökülməmişdi. Qonaqlar əndişə hissini özlərinə yaxın buraxmamaqçün ürəklərində təkrar-təkrar deyib təsdiqləyirdilər ki, əlbəttə, Cavidan qatil deyil, o kəllələri qəbiristanlıqdan eşdiyi məzarlardan gətirib, dostlarına vəd etdiyi həzzi yaşatmaq istəyib.

         Cansız şeylərdən qorxmamağa nə qədər hazırlıqlı olsalar da, ayaqları altından sıçrayan canlı - siçovul onları qorxutdu, qızların qışqırığına Cavidan da tələsik gəldi. Əslində onların hər biri öz evlərində belə bir guşəni yaratmağa cəhd göstərmiş, lakin müyəssər olmayaraq, bir-iki detalla kifayətlənmişdilər. Məsələn, oğlanlar bədənlərinə sektant rəmzlər döydürmüş, qızlar isə sinələrində boyunlarından asdıqları müdhiş həmayilləri daşıyırdılar.

         Birlikdə zirzəmidən yuxarı qalxanda birdən ən arxada gələn Babəkin gözü nəyəsə sataşdı. Gördüyünə tərəf əyiləndə vahimədən dik atıldı. Bir anlığa unutdu ki, zirzəmi onun boyundan alçaqdı, o üzdən başını əzdi, özünə gələnədək çömbəlmiş vəziyyətdə qaldı. Cavidanın ölülər muzeyində aşkar etdikləri bu eksponat cavan qız cəsədi idi.  Üzünün cizgiləri hələ deformasiyaya uğramadığından, dostlar meyidi tanıdılar. İki gün əvvəl telekanallar onun itkin düşdüyünü elan etmiş, şəkillərini göstərmişdilər. Birinci tanıyan Nərgiz oldu, çünki mərhumənin də gözləri onunku kimi göy olduğundan, elanı izləyəndən yaxşı yadında saxlamışdı.

         Dostları Cavidandan izahat istədilər, and-aman etdi ki, o qız üç günün ölüsüdü, bəs dünən qəbirdən çıxarıb, məzarın yerini də göstərə bilər.  

         Tərxan soruşdu:

         - Məzarüstü daşda qızın şəkli var?

         - Daş-filan yoxdu hələ, - dedi Cavidan, -  demirəmmi srağagün dəfn edilib, bircə taxta basdırıblar, ola bilsin qırxınacan mərmər başdaşı qurdular - kim bilir.

         Bu dəfə isə başının ağrısı hələ tam sovuşmayan Babək coşdu:

         - Bəs onda neyləyib çıxarırdın onu? Ölüsünü zorlamaqçün? Niyə lütdü, kəfənini neyləmisən? Boynuna al, murdar!

         -Yox, səninçün çıxarmışam, adı Zərnisəydi. Bizim ikimizin köhnə həyatımızdakı ümumi arvadımızın adaşıydı.    

         - Əclaf, sən dedin, mən də inandım, ay-hay! Gedək elə indi baxaq məzara.

         Pərvin söhbətə müdaxilə elədi:

         - Boşlayın bu söhbəti. Cavidan, sağ ol ki bizi təəccübləndirə bildin. Sənə nə var eyy, taxtanın üstünə hansı adı istəsən yazmış ola bilərsən. Amma onu bil ki, arzun ürəyində qalacaq, mən Pərvin diri olan yerdə Babəkə ölü Zərnisə lazım deyil, onu özünçün saxla. Elə deyilmi, ey xudavənd?

         Pərvinin bu sözlərini eşitcək, Babək onun, Tərxan isə Nərgizin üzünə baxdı. Bu baxışlardakı ehtirası nəzərindən qaçırmayan Cavidan özünü sevgili cütlüklərin arasında növbəti  dəfə tənha hiss elədi.

         Tonqalın istisi gənclərin qırışığını açdı. Qaralmış havanın fonunda sayrışan qığılcımlar yuxarı qalxaraq sanki göydəki aya tez çatmaq uğrunda yarışır, sonra da sanki ulduzlara qarışırdılar. Tərxan bir neçə kartofu çubuğa keçirib ocağın ətəyindəki közün üzərinə qoydu. Onun hesabınca, bişmiş kartofu duzlayandan  sonra qızların gətirdikləri şəkərburadan, paxlavadan daha ləzzətli olacaqdı. Qızlarsa əmindilər ki, bütün bu gördüklərindən sonra heç nə yeyə bilməyəcəklər.

         Cavidan dostlarına vəd etdiyi kimi ritualda hər detalın qədimliyə uyğun olması üçün qabaqcadan tədarük görmüşdü. Saxsı kuzədən böyük mis qaba  süzdüyü çaxırı təriflədi:

         - Görürsünüz, necə də qırmızıdı? Babək, dövrəni sən başla, hesab elə ki, ayı qanıdı.

         Babək içkidən bir neçə qurtum alıb qabı Pərvinə uzatdı:

         - Buyur, Tomris ana, sən də elə say ki padşah Kirin qanıdı.

         Qız gülümsəyib çaxırdan içdi, sonra qabı rəfiqəsinə ötürüb üzünü Cavidana tutdu:

         - Hə, vampir, bəlkə deyəsən, o qızın gözləri niyə açıq qalıb. Axı qayda ilə dəfn olunanın göz qapaqları örtülü olur.

         - Yenə başladınız? - Cavidan boşalmış qabın dibindəki son damcıları nümayişkaranə surətdə odun üstünə çilədi və incik halda soruşdu: - İstəyirsiniz Uca Şirvinin ruhuna and içim?

         - Ruhlarla işin olmasın, onsuz da indiyədək çox narahat eləmisən hamısını. Görürsənmi, çaqqallar ulamağa başladı, pis əlamətdir - deyən Tərxan kartofları közün üstündən götürəndə diqqətini külün içində boş dərman qutusunun qalıqları çəkdi. Tabletlərin dairəvi yuvacıqlarının yan-yana sıralandığı lövhə nazik odadavamlı alüminium təbəqə ilə örtülü olduğu üçün tamam yanıb qurtarmamışdı.

         - Bu nədir belə? - Tərxan soruşdu. Cavidan azca tərəddüddən sonra ondan məhz nəyin soruşulduğunu başa düşüb sualı cavablandırdı:

         - Siz padvalda olanda həyətdəki zir-zibili də süpürüb yandırmışam. Köhnə kvartirantların tör-töküntüləridir.  

         - Müqəddəs ocağa zibil atmısan? Çətənə kolu-zad yox idi ki daha həyətdə? Birdən ondan da yandırıb bizi tüstüyə verərsən haa. Deyəsən mənim yuxum gəlir artıq. Qorxuram maşın sürə bilməyəm. Bəlkə yığışaq gedək? Görürəm, qızlar da narahatdılar.

         Qızlar Tərxanın sözünü təsdiqləyirmişlər kimi əsnəyərək başlarını tərpətdilər. Cavidan ayinin hələ vacib hissəsinin yerinə yetirilməmiş qaldığını xatırlatdı: 

         - Hara qaçırsınız? Biz paltarlarımızı çıxarıb ocağın üstündən tullanmalıyıq hələ. Sonra da nənəmin nağılını başlayacam.

         Babək rişxəndlə:

         - Bu bizim dördümüzə aiddi, cüt-cüt tullanacağıq. Amma hə, bağışla, lap yadımdan çıxmışdı, sənin də ölü Zərnisən var, gətir onu, bəlkə isti vurub ayıltdı. - deyib köynəyinin düyməsini açmağa başladı.         Tərxan bir qızlara, bir də Babəkə baxıb soruşdu:

         - Sən doğrudan soyunmağımızı istəyirsən?

         Babək:

         - Hə, biz indi Kosmosdan Xaosa adlayacağıq! Ocaq bizim xalis, lüt  çəkimizi bilməlidir ki, ağırlığımızı rahat götürsün. - deyərək, məstliyi aydınca sezilən gözlərini Tərxana zillədi, yaxasını tam açmağa uğursuzcasına cəhd edib səndələdi, dizləri üstə çökdü. Bu vaxt şappıltı gəldi. Tərxan dönüb baxdı, qızlar da huşlarını itirərək yerə sərilmişdilər. Onun özünün də başı gicəlirdi, göz qapaqlarından elə bil qurğuşun sallanırdı. Bircə Cavidan elə bil müvazinətini saxlaya bilmişdi. Tərxana elə gəldi ki, Cavidanın sağında və solunda iki nəfər əyni ağ kəfənli xortlamış adam dayanıb. Onlar üçü də yerdə iməkləyən Babəkə yaxınlaşdılar. Xortdanlardan biri artıq canını qoymağa yer tapmayan Babəkin saçından yapışıb üzünü yuxarı çevirdi. Cavidan o biri xortdanı Babəkə göstərib ona nəsə deməyə başladı. Tərxanın qulağı yalnız bu ilk kəlmələri eşidə bildi: "Onun adı jurnalda Afşin gedir. O da xürrəmidir..."  

         Bir müddət sonra ölkənin ali hüquq-mühafizə orqanları baş verən hadisə ilə bağlı belə bir açıqlama yaydılar:

         "Müəyyən olunmuşdur ki, martın 18-də Zərnisə Ağakişi qızı Əhmədovanın, martın 20-də isə paytaxtın "N" saylı tam orta məktəbinin X "b" sinif şagirdləri Cavidan İdris oğlu Haqverdiyevin, Babək Nəcəf oğlu Əliyevin, Tərxan Qaraxan oğlu İslamovun, Nərgiz Həsən qızı Həsənovanın, Pərvin Elçin qızı Allahverdiyevanın itkin düşməsi ilə əlaqədar başlanılmış cinayət işi üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən Kərəm və Afşin İbayev qardaşları dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, atəşpərəstlik qanunları ilə idarə edilən dövlət qurulması məqsədilə xaricdən maliyyələşdirilən "Xürrəmi qardaşlar" adlı hərəkat yaratmışlar. Adları çəkilən şəxslər paytaxtdan və ölkənin digər bölgələrindən özlərinə əsasən gənclərdən ibarət tərəfdarlar toplamış, onları müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə və qurğularla təchiz edərək cinayətkar dəstə təşkil etmişlər. Həmçinin, əhalini hakimiyyətə qarşı qaldırmağın yollarını müzakirə etmiş, bununla bağlı tərəfdarlarına göstərişlər vermiş, çağırış vərəqələri paylamışlar. Silahlı cinayətkar dəstənin hər bir üzvünün üzərinə düşən konkret vəzifələr, o cümlədən hakimiyyət nümayəndələrinə qarşı terror aktları törədəcək məsul şəxslər müəyyən edilmişdir.

         İbayev qardaşları dəstəyə cəlb etdikləri həmkəndliləri, eyni zamanda Afşinin sinif yoldaşı olan Cavidan Haqverdiyevin qəsəbədəki ata yurdunu qanunsuz yığıncaqlar, həmçinin birliyin satanist rituallarını keçirmək məqsədilə kirayələmişlər. Ayinlərin əsas tərkib hissələrini dəstənin sıralarına üzv olmaq dəvətindən imtina edən və (və yaxud) dəstədən aralanmağa cəhd edən keçmiş üzvlər arasından kişilərin başlarının kəsilməsi yolu ilə qurban verilməsi, qadınlarınsa zorlanaraq boğulub öldürülməsi təşkil edirmiş.

         İbayev qardaşlarının tapşırığı əsasında C. Haqverdiyev Novruz bayramı axşamı şənlik keçirmək adı ilə sinif yoldaşlarını aldadaraq qəsəbədəki evlərinə gətirmiş, sonra da qabaqcadan fenazepam və rodidorm preparatları qatdığı çaxırı onlara içirdərək, huşsuz vəziyyətə gətirmişdir. Dəstə üzvləri ayini icra edərkən, Cavidan Haqverdiyev cinayət ortaqlarından Pərvinə toxunmamağı israr etmiş, bu səbəbdən onların arasında mübahisə düşmüş, nəticədə digər qurbanlarla birgə Cavidanın özü də  məsləkdaşları tərəfindən qətlə yetirilmişlər.

         Təqsirləndirilən şəxslərin etirafedici ifadələri, müvafiq ekspertiza rəyləri və digər mötəbər sübutlarla Kərəm və Afşin İbayev qardaşlarının törətdikləri cinayət əməlləri tam təsdiqini tapmışdır. Hazırda cinayətin bütün iştirakçılarının, o cümlədən bu silahlı cinayətkar dəstəyə köməklik edən şəxslərin müəyyən edilib tutulması və məsuliyyətə cəlb edilməsi üçün əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri davam etdirilir. Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası götürülmüşdür.

         Ölkənin hüquq mühafizə və xüsusi xidmət orqanları tərəfindən bu cür hadisələrin qarşısının vaxtında alınması, formalaşan istənilən mütəşəkkil cinayətkar dəstənin və ya cinayətkar birliyin dərhal zərərsizləşdirilməsi istiqamətində tədbirlər bundan sonra da qətiyyətlə davam etdiriləcəkdir". 

         Qeyd: Hekayədə bəhs olunanların reallıqla hər hansı müşahidə oluna biləcək  uyğunluğu tam təsadüf kimi qəbul olunmalıdır.                                      

                                                                           Pünhan Şükür